“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nadimə Rəhimli Los-Ancelesdə keçirilən XI Beynəlxalq Gənclər Konfransında onlayn formada iştirak edib.
QHT.az xəbər verir ki, o, konfrans çərçivəsində keçirilən tədbirlərdə maraqlı müzakirələr və aktual mövzuların gündəmə gəldiyini bildirib:
"Los-Ancelesdə keçirilən XI Beynəlxalq Gənclər Konfransında onlayn iştirak etmək şansım oldu. Bu ilki Konfransın əsas tematik mövzusu "Gənclərlə Qlobal İnkişafa Doğru" olaraq, qlobal platforma çərçivəsində gənc liderlərə daha dinc və ədalətli dünya üçün təsirli həllər yaratmaq imkanları aşılayır. 66400 gəncin qeydiyyatdan keçdiyi konfransda 1-4 may tarixlərində plenar sessiyalar, seminarlar və qlobal tərəfdaşlıqlara yönəlmiş əməkdaşlıq müzakirələri aparıldı".
Nadimə Rəhimli konfransın son günündə isə Azərbaycanla bağlı nümunənin səsləndirilməsinin xüsusi diqqət çəkdiyini vurğulayıb. Belə ki, Seneqal Respublikasının Los-Ancelesdəki fəxri konsulu xanım Mame Toucouleur MBaye çıxışında ötən il Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan bəhs edib. O, forumda iştirak təəssüratlarını bölüşərək bildirib ki, Bakıda şəhər gəzintisi zamanı təsadüfən qarşılaşdığı bir gəncin sərbəst ingilis dili bacarığı və ölkədə aparılan gənclər siyasəti barədə verdiyi məlumat onu heyran edib. Fəxri spiker bu təcrübəni konfrans iştirakçılarına nümunə kimi təqdim edib:
"Azərbaycan gəncliyi ilə bağlı nümunənin beynəlxalq konfransda fəxri spiker tərəfindən səsləndirilməsi bir daha bizi qürurlandırdı".