Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Xocavənd rayonunun işğal edilməsi ilə bağlı daha bir videomaterial tədqiq olunub.
Moderator.az xəbər verir ki, 1993-cü ilin aprel ayında ermənilər tərəfindən çəkilmiş videogörüntülərdə Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonunda bir qrup silahlı hərbçi, o cümlədən Serj Sarqsyan (2008-18-ci illərdə Ermənistan prezidenti) və hazırda məhkəmədə mühakimə olunan David İşxanyan görünürlər.
Erməni dilində olan videomaterialın tərcüməsi vasitəsilə tədqiqi zamanı məlum olub ki, Serj Sarqsyan hərbi bölmələri yoxlamağa gəlib.
Videogörüntülərdə Monte Melkonyan S.Sarqsyana məruzə edir. S.Sarqsyan ona: "Söhbət bu dəqiqə atəşi dayandırmaqdan getmir. Söhbət bu dəqiqə hücum əməliyyatlarından və daha çox ərazi tutmaqdan gedir", - deyir.
Videomaterialda daha sonra əraziyə baxış keçirilir, S.Sarqsyan D.İşxanyanla söhbət edir. D.İşxanyan ona Ağdam rayonu və rayonun Abdal Gülablı istiqamətindəki döyüş əməliyyatı, əməliyyat şəraiti barədə məlumat verir.
Videogörüntülərdə daha sonra qoşunların təminatı barədə danışılır. Sonra isə Serj Sarqsyan əsgərlərlə bir qədər söhbət edir.
Məhkəmədə nümayiş etdirilmiş videomaterialla bağlı dövlət ittihamçıları təqsirləndirilən şəxs David İşxanyana suallar ünvanlayıblar.
D.İşxanyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bu videomaterialın çəkilməsini və S.Sarkisyanın əraziyə səfərinin məqsədini xatırladığını deyib. O daha sonra bildirib:
"Gəlmişdilər mənim taboruma. Taborun mövqelərindəki vəziyyətlə tanış olurdular".
O, videodakı şəxslərin bir qisminin adlarını da sadalayıb:
"Serj Sarqsyan, Monte Melkonyan, Movses Akopyan (sonradan Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi - red.). O, həmin vaxt Monte Melkonyanın müavini idi. Videodakı digər şəxs mənim qərargah rəisim Aramayız Karapetyandır".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.