AZ

Elmlər doktoru dərəcəsi ləğv edilməlidir?

Məlum olduğu kimi, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Azərbaycanda elmlər doktoru mərhələsinin əleyhinə olduğu barədə çıxış edib. O, bu mərhələnin müasir  elmi-tədqiqatsistemində səmərəsiz olduğunu və gənc alimlərin inkişafına maneə yaratdığını bildirib. N. Məmmədli qeyd edib ki, bir çox inkişaf etmiş ölkələrdə elmlər doktoru mərhələsi mövcud deyil və bu, elmi karyeranın inkişafına mənfi təsir göstərmir. O, Azərbaycanda da bu mərhələnin ləğv olunmasının elmi fəaliyyətin keyfiyyətini artıracağını və gənc alimlərin daha tez bir zamanda professorluq dərəcəsinə çatmasına imkan yaradacağını vurğulayıb.

 

Müşavirin bu fikirləri ictimaiyyət tərəfindən geniş müzakirə olunub. Bəzi ekspertlər, ictimaiyyət nümayəndələri N.Məmmədlinin səsləndirdiyi fikri dəstəkləyib, elmlər doktoru dərəcəsinin ləğv olunmasının zəruriliyini qeyd ediblər. Onlar hesab edirlər ki, bu addım elmi sistemin sadələşdirilməsinə və gənc alimlərin motivasiyasının artırılmasına xidmət edəcək. Təhsil məsələləri üzrə ekspert Vüsal Kərimlinin sözlərinə görə, bugün bizə elmlər doktoru proqramı lazım deyil: “Bu bir qisim insanların qarşısında çəkilmiş maneə və yaxud da çətinlik kimi görünür. Bura doktorantura proqramına qəbul məsələsi var, onun yazılması, müdafiəsi, min bir əziyyəti var. Düşünürəm ki, dünyanın əksər ölkələrində olduğu kimi bizdə də bu səviyyələrin, elmi addımların qazanılması müəyyən elmi göstəricilərlə və bal toplamaqla olmalıdır. Təbii ki, orada şərtlər qoyulub, müəyyən konfranslarda iştirak, elmi məqalələrin çapı və.s Əgər bir adam öz elmi istiqaməti, araşdırması üzrə dissertasiya yazırsa və orada qarşısına qoyulan tələbi, beynəlxalq elmi bazalarda çapı tam yerinə yetirirsə, onda dissertasiya yazmağa ehtiyac yoxdur. İnsanlar bu sahədə çətinliklərlə qarşılaşdıqları üçün elmi istiqamətə yönəlmir”.

 

Professor Misir Mərdanov deyir ki, beynəlxalq elm aləminə inteqrasiya baxımından Nicatla Məmmədli ilə razıdır: “Ancaq bu keçidin ölkəmizdə elmin inkişafına səbəb olacağını deyə bilmərəm. Ölkədə elmin inkişafı üçün daha ciddi addımların atılmasına ehtiyac var”. Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, təssüf ki, bu gün ölkədə hələ də sovet dövründən qalma təhsil qaydaları mövcuddur və qorunub saxlanılır: “Ölkədə hələ də Ali Atesstasiya Komissiyası fəaliyyət göstərir, elmlər, fəlsəfə doktoru dərəcələri var. Bu belə olmalı deyil. Avropada doktoranturanın ikinci pilləsi – elmlər doktoru üzrə qəbul artıq keçirilmir: “Avropada və inkişaf etmiş ölkələrdə iki doktorluq yoxdur, yalnız fəlsəfə doktoru var, bunu PhD kimi qeyd edirlər. Bizdə isə öncə fəlsəfə doktoru, sonra da elmlər doktoru adını alırsan. Bu da həm elmi tədqiqat işlərinin aparılmasında, həmin şəxslərin artıq elmlər doktorluğu istiqamətində, elmi fəaliyyətlərində qarşılaşdıqları maneələr gözlərini qorxudur.

 

Təəssüf ki, bununla həqiqi elm sahiblərini, elmi tədqiqat işləri görmək istəyən şəxsləri itiririk. Hesab edirəm ki, elmlər doktoru mərhələsi doğurdan da müasir elmi-tədqiqat sistemində səmərəsizdir və gənc alimlərin inkişafına maneə yaradır. Ona görə də proses sadələşdirilməlidir. Bu gənc alimlər üçün stimullaşdırıcı bir iş olar.

 

Tarixçi-alim Zaur Əliyev hesab edir ki, elm sahəsində islahat aparılmalı, lazımsız adlar aradan qaldırılmalı, elmin gəncləşməsinə dəstək verilməlidir: “Fikrimcə, biz elmdə zamandan çox geridə qalmışıq, sürətlə dəyişən dünyaya uyğunlaşa bilmirik, inkişaf etmiş elm mərkəzlərindəki vəziyyətdən çox səthi biliklərə malik olanlar Azərbaycanda elmi adların verilməsində SSRİ-nin qalıqlarını qorumaqda davam edirlər. Biz “elmlər doktoru” prosesində itirdiyimiz 5-10 ili elmi tədqiqatlar aparıb xaricin nüfuzlu jurnallarında yazılar nəşr etdirməyə, kitablar yazmağa, elmi dünyaya çıxarmağa sərf etməliyik”.

 

O qeyd edib ki, Avropada doktoranturanın ikinci pilləsi – elmlər doktoru üzrə qəbul artıq keçirilmir. Bizdəki fəlsəfə və elmlər doktoru pillələri Rusiyadakı doktorantura sisteminə uyğunlaşdırılıb ki, Rusiya və Azərbaycanda eyni qalan da Ali Attestasiya Komissiyasıdır: “Xaricdə elmi adları universitetlərverir. Beynəlxalq qaydalarda müdafiə şurasına konkret mövzunu bilən 5-6 nəfər cəlb olunur, real iş aparılır. Hamı mövzunu, söhbətin nədən getdiyini dərindən bilir. Bizdə isə müdafiə şuralarımızın formalaşması prinsipi də köhnədir, formaldır. Elmi müdafiə şurasına onlarla mövzu haqqında çox səthi biliyi olan adamlar yığılır, elmi adların verilməsi sırf formal xarakter daşıyır”.

 

Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, nə qədər ki, təhsil bir sistem olaraq, oturuşmayacaq, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensiala xor baxılacaq, yaranmış mövcud vəziyyətə görə 10-15 il bundan qabaq buraxılan səhvlər önə çəkilləcək. Nəvaxta qədər günahkar axtarışına çıxılacaq, yenilik etmək görüntüsü yaratmaq məqsədilə elm və təhsil eksperiment meydanına çevriləcək, təhsilimizdə hərc-mərclik bir o qədər davam edəcək:

 

“Biz ali təhsili iki pilləyə- bakalavriata və maqistraturaya bölməklə, elmdə gənclərin sayının artmasına nail olduq, yoxsa, elmlər namizədlərini fəlsəfə doktorlarına çevirməklə baytarlıq üzrə fəlsəfə doktotları baytarlığın fəlsəfəsini öyrəndilər? Bəlkə, bütün institutları ucdantutma universitetlərə çevirməklə xeyli sayda Nobel mükafatçıları yetişdirmişik? Bunların nəticələrini təhlil edən, bu “yeniliklərdən” nə qazandığımızı nə itirdiyimizi üzə çıxaran oldumu? İndi də bakalvriatı iki ilə, maqistratura müddətini bir il yarıma endirmək, elmlər doktoru mərhələsini ləğv etmək fikrinə düşmüşük. “Düşünürük ki, bunlar uzunmüddətli vaxta görülən işlərdir” və inanırıq ki, “nəticələri ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək”. Ümid yaxşı şeydir, ancaq 20 il də böyük müddətdir axı. Mən dəfələrlə demişəm və bu gün də o qənaətdəyəm ki, təhsildə yenilik etmək, köhnəni dağıtmaq demək deyil, mövcud olanı daha da təkmiləşdirmək, yeniləmək və müasir dövrün tələblərinə uyğunlaşdırmaqdır. Bir də ki, bu mənim subyektiv fikrim deyil, Təhil sahəsində İslahat Proqramının “təhsil sahəsidə uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılması” barədə tələbidir”.

 

Ekspert hesab edir ki, Azərbaycanda “elmlər doktoru mərhələsinin ləğv edilməsi”, bu mərhələnin “Sovet elmindən bizə qalmış yadigar” kimi əlaqələndirilməsi heç bir halda uzun illərdən bəri ziyalılıq etalonu hesab etdiyimiz, hörmət və ehtiram göstərdiyimiz elmi dərəcənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə bir addımın atılması heç “uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək” barədə “İslahat Proqramı”nın tələbləri ilə də uzlaşmır. Digər tərəfdən, “Sovet elmindən bizə qalmış yadigara” qarşı belə hörmətsizlik milli mentalitetimizə də baş ucalığı gətirməz axı: “Onu da unutmayaq ki, “sovet elmi” başqa şeydir, “sovet sistemi” tamam başqa şey. Biz nə vaxta qədər “təhsil sistemi” ilə “siyasi sistemi” qarışıq salmaqda davam edəcəyik? Hesab edirəm ki təhsil salnaməmizi tarixi dövrlərə görə səciyyələndirmək, bununla bağlı paralellər aparmaq yanlış yanaşmadır.

 

İstəsək də,istəməsək də razılaşmalıyıq ki, istər Cümhuriyyət dövrü olsun, istərsə də sovet dönəmi, bunlar bizim çoxəsrlik tariximizin, keçdiyimiz uzun, şərəfli və keşməkeşli yolun yaddaşlarımızda iz buraxan salnaməsidir. İqtisadiyyatımızda, elm və təhsilimizdə, mədəniyyət və incəsənətimizdə dərin savada, yüksək ixtisasa malik nə qədər insanlar yetişib, ölkəmizin daha da inkişaf etməsi və tərəqqisinə öz layiqli töhfələrini verib. Ümumilli lider Heydər Əliyev deyirdi: “Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiznailiyyəti heç vaxt unutmamalıyıq. O ki, qaldı “dünyanın heç bir yerində - normal ölkələrdə ümumiyyətlə elmlər doktoru yoxdur, bizdə var” iddiasına, bizdə də elə şeylər var ki, dünyanın heç bir normal ölkələrdə yoxdur. Bu o deməkdirmi ki, harda nə varsa bizdə də olmalıdır, yaxud bizdə olan da digərlərində olmalıdır?

 

Bu sistem digər ölkələrdə də var, sadəcə olaraq, fərqli adlarla və fərqli formalarda. İkincisi, onu da nəzərə alaq ki, “Elm haqqında” Qanunda “yüksəkixtisaslı elmi kadr - fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olan şəxs” kimi təsbit olunub, yəni elmi ixtisaslaşmanın və yüksək səviyyəli akademik fəaliyyətin rəmzidir. Sadəcə olaraq mövcud prosedur bir qədər sadələşdirilməli, xaricdə olduğu kimi elmi adları universitetlər verməlidir. Nə qədər ki, elmlər doktoru elmi dərəcəsini Ali Attestasiya Komissiyası verir, bu məsələyə bir daha həmin komissiya ləğv olunduqdan sonra qayıtmaq olar. Bu müddətdə isə, elmi dərəcələrin nüfuzuna kölgə salmaq yox, əksinə, onları bir az da rəğbətləndirmək lazımdır. Heç olmasa ona görə ki, bəlkə əlavə stimullaşdırma elm adamlarımızı hərəkətə gətirsin, elmimizi yerindən tərpətsin. Əks təqdirdə, sabah və ya o birisi gün “Əməkdar müəllim”, “Əməkdar elm xadimi” kimi fəxri adların da ləğv edilməsi barədə məsələ qaldırıla bilər”.

Nərmin Qarazadə


Seçilən
0
1
azia.az

2Mənbələr