BAKI, 5 may. TELEQRAF
"Bayırşəhər"də söküləcək binalar bir neçə ay əvvəl inventarlaşdırılıb, hazırda isə sakinlərlə qiymət danışılmağa başlanıldığı deyilir. Deyilənə görə, tarixi binalar saxlanılıb, qalanları söküləcək.
"Bayırşəhər"də çoxlu tarixi binalar var ki, reyestrə daxil edilməyib. Memarlar və ictimai fəallar tarixi binaların siyahıdan çıxarılıb söküldüyünü iddia edirək etirazları bildiriblər. Bununla bağlı imza toplayıb məktub da ünvanlayıblar, amma onlara cavab verilmədiyini deyirlər.
Mövzu ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Teleqraf-ın sorğusuna cavab olaraq bildirib ki, Baş plana əsasən, tarix-memarlıq abidələrinin qorunması diqqət mərkəzində saxlanılır:
"Bu məsələ ərazi məhdudiyyəti olmadan vahid yanaşma prinsipi əsasında həyata keçirilir".
Bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə də sorğu ünvanladıq.
"Memarlar və fəalların sözügedən müraciətləri bizə daxil olub, məlumatlıyıq. Onlara da cavab göndərilib və heç bir tarixi abidənin sökülməsindən söhbət gedə bilməz", - xidmətdən bildiriblər.
Qeyd edək ki, sözügedən tarixi məhəllələr və abidələr Bakının 2040-cı ilə qədər təsdiq olunmuş yeni Baş planına əsasən Xüsusi mühafizə zonasında yerləşir.