AZ

Bakı Xocalı qatillərinin ölkəmizə təhvil verilməsinə nail olacaq



İkinci Qarabağ müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan axtarış prosesləri nəticəsində kütləvi məzarlıqların aşkar edilməsi artıq ənənəvi hal alıb. Bugünlərdə Xocalı və Şuşada kütləvi məzarlıqların aşkarlanması da bu prosesin davamıdır. Xocalıda kütləvi məzarlıqda aşkarlanan insan skeletlərinin qalıqlarının 7 nəfərə aid olduğu bildirilir. Xatırladaq ki, bundan əvvəl isə Xocalıda ötən ilin fevralında iki dəfə kütləvi məzarlıq aşkarlanıb.

Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkar edilən qalıqların isə ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir və onların əksəriyyəti qadınlardır. Meyit qalıqlarının üzərində zorakılıq faktları aşkar görünür. Meyitlərin kəllə, ayaq, əl sümüklərində küt alətlərlə vurulmuş zədə izləri var. Xocalıda və Şuşa-Xankəndi yolunda aşkarlanan kütləvi insan qalıqları Ermənistan tərəfindən törədilən beynəlxalq cinayətlərin əyani sübutudur. Bütün bunlar ermənilərin azərbaycanlılara qarşı milli-etnik ədavət zəminində törətdiyi insanlığa qarşı cinayətləri, təcavüz cinayətini, kütləvi qətliamları təsdiqləyir. Beləliklə, Ermənistan tərəfindən uzun müddət ərzində Azərbaycana qarşı aparılan təcavüzkar siyasətin izləri artıq yavaş-yavaş üzə çıxır.

Bildiyimiz kimi Ermənistanın təcavüzkar-işğalçı siyasəti nəticəsində Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb. Daha konkret desək, 3990 nəfər itkin düşmüş şəxs rəsmi qeydiyyata alınıb. Son illərdə aparılan axtarış-qazıntı və eyniləşdirmə (identifikasiya) prosesləri nəticəsində həmin 3990 nəfər şəxsdən 170 vətəndaşımızın taleyinə aydınlıq gətirilib. Ötən il Xocalıda aşkarlanan 18 nəfərdən 10-nun meyitinin kimliyi müəyyənləşdirilərək qalıqları ailələrinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi isə davam edir. Bugünlərdə Xocalıda və Şuşa yolunda aşkarlanan növbəti kütləvi məzarlıqlardakı meyit qalıqlarının da laboratoriyada analiz və eyniləşdirmə işləri aparılacaq.

Yeri gəlmişkən, Xocalıda artıq üçüncü dəfə kütləvi məzarlıqların aşkarlanması Ermənistan tərəfinin həyasızcasına yalanlarını ifşa edir. Çünki bundan əvvəl Ermənistan tərəfi uzun müddət Xocalı soyqırımı ilə bağlı bəyanatlarında dünya birliyini inandırmağa çalışırdı ki, guya, həmin vaxt mülki əhalinin Xocalını tərk etməsi üçün onlara dəhliz açılıb. Ancaq son bir neçə ayda Xocalıda tapılan kütləvi məzarlıqlar isə bunun tam əksini deyir. Heç bir humanitar dəhliz-flan olmayıb. Kütləvi məzarlıqlar Ermənistanın törətdiyi soyqırımı faktını sübut edir. Bu məzarlıqlar müvafiq qurumlarımız tərəfindən qeydiyyata alınıb sənədləşdirilir.

Aşkar edilən çoxsaylı insan qalıqları və zorakılıq faktları hazırda Bakıda məhkəməsi davam edən erməni separatçılarının cinayətlərini sübut etmək və eyni zamanda, Ermənistanın beynəlxalq hüquqa zidd olaraq insanlığa qarşı cinayətlərini ifşa etməyə imkan verir. Birinci Qarabağ müharibəsi zamanı və işğal dövründə törədilən çoxsaylı müharibə cinayətlərinin üzə çıxarılması Ermənistanın beynəlxalq hüquq qarşısında məsuliyyətini daha da artırır. Nə hazırkı Ermənistan rəhbərliyi, nədəki müharibə cinayətlərinin törədilməsində birbaşa iştirak etmiş Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan kimi canilər məsuliyyətdən yayına bilməzlər. Rəsmi Bakı Xocalı qatillərinin ölkəmizə təhvil verilməsinə nail olacaq.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
0
newscenter.az

1Mənbələr