AZ

Müharibə meydanında biznes: ABŞ Ukraynaya necə yatırım edəcək?

ABŞ və Ukrayna arasında strateji əhəmiyyətli mineral ehtiyatlara dair saziş imzalanıb. Sənədin qüvvəyə minməsi üçün hər iki ölkənin parlamentlərində ratifikasiya olunması tələb olunur. Müqavilə ABŞ tərəfindən müdafiə naziri, Ukrayna tərəfindən isə iqtisadiyyat nazirinin müavini tərəfindən imzalanıb.


Bu müqavilənin həm Ukrayna, həm də ABŞ üçün səmərəli olduğu bildirilir. 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Yusif Bağırzadənin fikrincə, bağlanan müqavilə hər iki ölkə üçün xüsusi siyasi və iqtisadi çəkiyə malikdir:


“ABŞ ilə Ukrayna arasında bağlanan bu iqtisadi müqavilə, yəni Ukraynaya məxsus mineral ehtiyatların ABŞ tərəfindən istifadəsini nəzərdə tutan sənəd üç hissədən ibarətdir. Müqavilənin qüvvəyə minməsi üçün əvvəlcə Ukraynanın parlamentində, sonra ABŞ Konqresində səsvermədən keçməli və sonda hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanaraq hüquqi qüvvəyə minməlidir”.

 


Politoloq bildirib ki, sənəd ABŞ Prezidenti Donald Trampın fəaliyyətinin ilk 100 gününün tamamına bir neçə gün qalmış imzalanıb və bu hadisə Tramp administrasiyası tərəfindən uğur kimi təqdim olunub:


“Cənab Tramp çıxışında qeyd etdi ki, bu sənəd ABŞ-yə 350 milyard dollardan çox divident gətirəcək. Bu, ABŞ tərəfdən kifayət qədər önəmli hadisə kimi qiymətləndirilib”.


Politoloq Ukrayna üçün də bu sazişin böyük əhəmiyyət daşıdığını vurğulayıb:


Bu, 2014-cü ildən bu yana Ukraynanın imzaladığı ən böyük iqtisadi müqavilədir. Müqavilədə Ukraynanın suverenliyi ilə bağlı məsələlər qeyd olunsa da, təhlükəsizliklə bağlı birbaşa bənd yoxdur. Üstəlik, sazişdə göstərilən bəzi mineral yataqlar hazırda Rusiya hərbi qüvvələrinin nəzarətində olan ərazilərdə yerləşir”.


Y.Bağırzadə həmçinin ABŞ-nin bu saziş vasitəsilə Ukraynadakı iqtisadi maraqlarını müdafiə etməyə çalışacağını, lakin faktiki təhlükəsizlik zəmanətinin verilmədiyini bildirib:


“Bu sənəd həm ABŞ-nin iqtisadi maraqlarına, həm də Trampın biznes yönümlü siyasi strategiyasına xidmət edir. Tramp ikinci dönəmdə də ABŞ-nin maliyyə yükünü, yəni borcunu 3 trilyon dollardan çox azaltmaq üçün bu kimi müqavilələrlə aktiv fəaliyyət göstərəcək”.

Ekspertin fikrincə, bu saziş hər iki tərəf üçün siyasi qələbə kimi təqdim edilsə də, onun icrası və təhlükəsizlik zəmanətləri hələ də sual altındadır. 


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
0
sfera.az

1Mənbələr