“Qarabağ”ın futbolçusu Amin Rzayev Misli Premyer Liqasında cari mövsümün ən gənc futbolçusu olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXXIII turun “Sumqayıt”la ev matçının (2:0) sonlarında meydana çıxan müdafiəçi 15 yaş 204 günlüyündə debüt edib. Rzayev bu göstəricidə son 12 mövsümün rekordçusudur.
O, son 15 mövsümdə 16 yaşı tamam olmadan debüt edən 6-cı futbolçu olub. 2010/2011-ci illər mövsümündən başlayan dövrdə yalnız iki futbolçu meydana daha gənc ikən çıxıb. Bu müddətdə mütləq rekord Budaq Nəsirova məxsusdur, Anar Həsənov 2-cidir.
Son 15 ilin 15 yaşlı debütantları
1. Budaq Nəsirov – 15 yaş 128 gün (“Turan”, 2011/2012)
2. Anar Həsənov – 15 yaş 202 gün (“Rəvan”, 2012/2013)
3. Amin Rzayev – 15 yaş 204 gün (“Qarabağ”, 2024/25)
4. Orxan Əliyev – 15 yaş 231 gün (“Sumqayıt”, 2011/2012)
5. Elnur Cəfərov – 15 yaş 320 gün (“Xəzər Lənkəran”, 2012/2013)
6. Səbuhi Abdullazadə - 15 yaş 349 gün (“Sumqayıt”, 2017/2018)