Paris, 5 may, AZƏRTAC
Rəhbərlik tələbləri qəbul etsə və ya qənaətbəxş bir kompromis əldə etsə, tətil başa çata bilər.
AZƏRTAC xəbər verir ki, bunu “CGT- Cheminots” dəmiryolçuları həmkarlar ittifaqının baş katibi deyib.
Fransada dəmiryolçular artıq tətilə başlayıblar. Həmkarlar ittifaqı tətilin mayın 8, 9, 10 və 11-də olacağını elan etsə də, rəhbərliklə kompromis əldə olunmadığı üçün həftənin əvvəlindən ölkədə dəmiryol nəqliyyatı iflic vəziyyətə düşüb.
Dəmiryolçuların tətilindən daha çox “İle-de-France” regionunun təsirlənəcəyi gözlənilir. Bildirilir ki, ölkənin digər regionlarına və əyalətlərinə gedən qatarlar da dayandırılacaq. Bu gün başlayan və həftənin sonunadək davam edəcək tətillərlə bağlı bir neçə çağırış edilib. Regionlara gedən hər iki qatardan biri işlədiyi üçün səfərlər arasında böyük fasilələr qeyd edilir.
Dəmiryolları Milli Şirkəti (SNCF) isə sürət qatarları xidmətinin normal olacağını vəd edir: “İşçilər 48 saata qədər tətil elan etsələr də, səfərbərliyin hazırkı səviyyəsini və yaxın günlər üçün proqnozları nəzərə alaraq nəqliyyat planlarını hazırlamaq təcrübəmiz var”.