ABŞ liderlərinin İranın nüvə proqramının “tamamilə ləğv edilməsinə” çağıran bəyanatları yalnız sazişin imzalanmasının qarşısını almağa xidmət edir.
Editor.az xəbər verir ki, bu açıqlama ilə İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqayi çıxış edib.
“İran həmişə diplomatik yanaşmanın tərəfdarı olub və saziş üzrə danışıqları davam etdirməkdə israrlıdır”, – Xarici İşlər Nazirliyinin sözçüsü deyib.
Aprelin 26-da ABŞ və İran arasında İranın nüvə proqramı və Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların üçüncü raundu başa çatıb.Amerika nümayəndə heyətinə prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas İrakçi başçılıq edib. Oman Xarici İşlər Nazirliyinin bəyanatına görə, tərəflər sanksiyaların ləğvi və Tehranın dinc nüvə enerjisini inkişaf etdirmək hüququnun qorunması müqabilində İranın nüvə silahı yaratmaq hüququndan tamamilə imtina etməsini ehtiva edən razılaşmanı müzakirə ediblər.
ABŞ dövlət katibi Marko Rubio Tehran və Vaşinqton arasında danışıqların dördüncü raundu öncəsi deyib ki, İran hakimiyyəti dinc nüvə enerjisi əldə etmək istəyirlərsə, bütün növ müfəttişləri müvafiq obyektlərə buraxmalıdır.
//Gülnarə Abasova, Editor.az