AZ

Ötən il əczaçılıq məhsulu istehsalında 81,5 faiz artım qeydə alınıb

“Scandens Pharmaceutical İndustries LTD” MMC tərəfindən Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində daha bir əczaçılıq zavodu inşa olunub və fəaliyyətə başlaması planlaşdırılır.

Bu barədə "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı tədbirdə çıxış edərkən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev məlumat verib.

Elnur Əliyevin sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş İsrailin “BioPharmax” şirkətinin istehsal binalarının tikintisi istiqamətində işlər də davam etdirilir: "Burada 50 adda tibbi məhsul, ilk növbədə insulin istehsalı nəzərdə tutulur. Qeyd edim ki, iqtisadiyyatımızın diversifikasiyası baxımından əhəmiyyət kəsb edən Ələt Azad İqtisadi Zonası da mərhələli şəkildə investorların istifadəsinə verilir". Nazirin birinci müavini əlavə edib ki, Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər bura olan marağı artırır.

"Artıq uzun müddətdir ki, Azərbaycanın əczaçılıq sektorunda fəaliyyət göstərən Türkiyənin “Nobel İlaç Sanayi ve Ticaret Anonim Şirkəti” tərəfindən ölkəmizdə dərman zavodunun qurulması istiqamətində müzakirələr aparılır və hesab edirik ki, sözügedən şirkətin əczaçılıq sektoruna investisiyaları bu sahədə inkişafa öz töhfəsini verəcəkdir. Görülən işlərin nəticəsində Azərbaycanın əczaçılıq sektorunda son illər irəliləyişlər müşahidə edilməkdədir. Belə ki, 2024-cü ildə 20 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib, əvvəlki ilə nisbətən 81,5 faiz artım qeydə alınıb. O cümlədən, 2024-cü ildə 9 milyon manatlıq dərman istehsal edilib, əvvəlki ilə nisbətən 4 faiz artım qeydə alınıb",- Elnur Əliyev bildirib.

Seçilən
0
5
vergiler.az

6Mənbələr