“Milli Məclisin deputatı Azər Badamovun Moskva Hava Limanında saxlanılması və onun Rusiyaya girişinə qadağa qoyulduğunun bildirilməsi təəssüf doğurur. Bu hadisə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığın ruhuna ziddir”.
Bu fikirləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycanla Rusiyanın münasibətləri müttəfiqlik səviyyəsindədir: “Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ölkələrimiz arasında dostluq münasibətlərini yüksək dəyərləndirməsi, eləcə də Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana səfəri zamanı qarşılıqlı əlaqələrin inkişafını xüsusi vurğulaması müsbət məqamlardır. Lakin bütün bunların fonunda Milli Məclisin deputatının Rusiyaya girişinə qadağa qoyulması və onun geri qaytarılması ciddi suallar doğurur. Görünən budur ki, Rusiyanın daxilində ölkələrimiz arasında münasibətlərə zərbə vurmaq istəyən qüvvələr var. Bu qəbulolunmazdır. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi hadisəyə reaksiya verib və Rusiya tərəfindən izahat istənilib. Ümid edək ki, məsələyə tezliklə aydınlıq gətiriləcək və problem tezliklə müsbət həllini tapacaq”.
Aytəkin Qardaşova