Bütün siqaret qutularının üzərində yazılıb: “Siqaret sağlamlığınız üçün təhlükəlidir”. Lakin heç bir aludəçi siqaretin üstündəki bu xəbərdarlığa məhəl qoymur.
Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda siqaret çəkənlərin sayını azaltmaq üçün müxtəlif inzibati qaydalar tətbiq edilir. Məsələn, ölkəmizdə ictimai yerdə siqaret çəkmək, siqaret kötüyünü hara gəldi atmaq olmaz. Bunu edənləri sərt maddi cəzalar gözləyir.
MÖVZU İLƏ BAĞLI:
Elektron siqaret çəkənlərin NƏZƏRİNƏ: Bu xəstəliyə səbəb olur - FOTO
Yaponiyada isə siqaret çəkənlərin sayını azaltmaq üçün qəribə metoda əl atılıb. Belə ki, əmək qanunvericiliyinə əsasən siqaret çəkməyənlərə il ərzində 6 gün istirahət hüququ tanınır. Gündoğan ölkədə hesab edirlər ki, siqaret çəkən insanlar tez-tez iş yerini tərk edir, siqaret çəkməyə çıxırlar. Bu da işdə fasilələrə səbəb olur.
Bəs, ölkəmizdə siqaret çəkənlərin sayını azaltmaq üçün hansı təşviq alətlərindən istifadə edilə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, tütün və tütün məmulatlarından istifadəyə qarşı mübarizə bütün ölkələr üçün aktual məsələdir:
“Bizim cəmiyyətimiz üçün də bu, xüsusi aktuallıq kəsb edir. Çünki siqaret çəkənlərin sayı sürətlə artır. Əgər əvvəllər yalnız kişilər siqaret çəkirdisə, indi uşaqlar və qadınlar arasında da siqaret aludəçiləri çoxalıb.
Eyni zamanda sulu qəlyan və elektron siqaretdən istifadə edənlərin sayında artım dinamikası var. Bu da sağlam və keyfiyyətli əhali indikatoru baxımından problemlər yaradır. Sözügedən tendensiya ictimai sağlamlıq baxımından nə qədər təhlükəli olsa da, gündəlik iş fəaliyyətində bir o qədər bezdiricidir. Siqaret çəkən adam iş saatlarında ən azı 3-4 dəfə iş yerini tərk edir. Bu da keyfiyyətli iş əmsalına təsirsiz ötüşmür”.
Müsahibimiz qeyd edib ki, belə halların qarşısını almaq üçün xarici ölkələrdə fərqli təcrübələr var:
“Bütün idarəçilər fərqli alətlərdən istifadə edərək siqaret çəkənlərin sayını azaltmağa çalışır. Düşünürəm ki, siqaret çəkənlərin azaldılması baxımından belə bir təşviq alətindən istifadə edilə bilər. Məsələn, iş elanlarında qeyd edilə bilər ki, “müsabiqədə siqaret çəkməyənlərə üstünlük verilir”.
Bu da siqaretdən istifadə edənlərin sayını xeyli azaldar. Siqaretin zərərləri barədə sosial çarxların sayını və yayım coğrafiyasını genişləndirmək yaxşı olardı. Orta və ali məktəblərdə siqaretin ziyanı ilə bağlı kampaniyaların, görüşlərin təşkili də vacibdir. Məhz belə marifləndirici tədbirlər yolu ilə keyfiyyətli əhali indikatorunu artıra bilərik”.
Surxay Atakişiyev, Bizim.Media