“Təhsilin keyfiyyət göstəricisinin artmasını 1-2 illik nəticələrlə müəyyən etmək düzgün deyil” — AÇIQLAMA
2020-ci ildə 5 nəfər idisə, ötən il bu rəqəm 55, bu il isə 43 nəfər olub. Söhbət buraxılış imtahanlarında maksimum 300 balı toplayan abituriyentlərdən gedir.
Son 2 ildir maksimum nəticə göstərən abituriyentlərin sayı 8-10 dəfədən çox artıb.
Təhsil eksperti Cahid İmanlı Demokrat.az-a açıqlamasında deyib ki, təhsilin keyfiyyət göstəricisinin artmasını 1-2 illik nəticələrlə müəyyən etmək düzgün deyil:
“Bu göstərici ən azı 5 il müddətinə və yüksələn dinamika ilə inkişaf edərsə o zaman keyfiyyətdən danışmaq olar. Amma DİM-in buraxılış imtahanının son 5 illik statistikası keyfiyyət dəyişikliyindən daha çox sualların asanlaşmasından xəbər verir. Belə ki, 2020-ci ildə 5 nəfər maksimum bal toplaya bilmişdisə, növbəti illərdə bu göstərici azalaraq hətta 2023-cü ildə sıfıra düşmüşdü. Amma nədənsə 2024-cü ildə birdən-birə maksimum 55 nəfər maksimum bal toladı. Bu təhsildə "bomba" effekti hesab edilir. 1 ilə təhsildə nə dəyişə bilər ki? Təhsildə hansı dəyişikliklər tətbiq edildi ki, bu effekt alındı? Realda keyfiyyət göstəriciləri ildən ilə normal inkişaf tempi ilə 20, 30, 40 faiz artımla olmalıdır. Amma heç bir halda təhsilin birdən birə 10 dəfə, yəni 100 faiz artımı mümkün deyil.
Ümumiləşdirmə aparsaq, bu uğurun yaxşı halda 20 faizini keyfiyyət göstəricisi, 80 faizini isə sualların asanlaşması kimi qəbul etmək olar. Bunu blok imtahanlarının nəticələri də təsdiq edir”.
Leyla Turan
Demokrat.az