AZ

Çərəzlərin faydaları

Çərəzlər zəngin tərkibi baxımından insan orqanizminin ehtiyacı olan gündəlik vitamin və mineral normasını qarşıladığı kimi, eyni zamanda beyinin təbii yağlara olan ehtiyacını ödəyir. Həmçinin çərəzlərin tərkibində olan lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır.Metbuat.az xəbər verir ki, çərəzlərin qovrulmamış və ya çox az qovrulmuş halda istehlakı tövsiyə olunur. Qovrulan zaman qidalılıq dəyərinin azalması, tərkibindəki yağların trans yağlara çevrilməsi baş verə bilər. Qoz - yağ, zülal, karbohidratlar, C vitamini, B qrup vitaminləri, maqnezium, manqan, sink və fosfor kimi orqanizm üçün vacib komponentlərlə zəngindir. Orqanizmin ehtiyacı olan bitki tərkibli Omega - 3 yağ turşusunu təmin edən tək çərəzdir. E vitamini və alfa-linolenik turşusu ilə zəngin olan qoz sinir sisteminə müsbət təsir göstərir. Fındığın tərkibi zülallarla, karbohidratlarla, doymamış yağlarla, E və B qrupu vitaminlərlə, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. Fındıq ləpəsinin tərkibində olan yağların 96 %-i insan orqanizmi üçün faydalı olan doymamış turşular – olein və linolindən ibarətdir. Fındıq orqanizm üçün olduqca faydalıdır. Belə ki, immun sistemini gücləndirir, sinir sisteminə faydalıdır, diabet riskini azaldır, eləcə də xərçəngə qarşı orqanizmi qoruyur. Badamın tərkibi lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir, sink, selen və mis kimi minerallarla zəngindir. Dadına görə badam acı və şirin olmaqla 2 növə bölünür. Şirin badam təzə halda yeyilir və qənnadı sənayesində geniş istifadə olunur. Acı badamdan isə ətriyyat, əczaçılıq sənayesində istifadə edilir. Son zamanlarda qida rasionumuzda yer alan badam südü laktozasız və xolesterolsuz olduğu üçün inək südünə alternativ istifadə edilir. Fıstığın tərkibi lif, fosfor, kalium, E, C, A və B qrup vitaminləri, yağ və protein baxımından olduqca zəngindir. Həzm prosesinin yaxşılaşmasında, qan təzyiqinin tənzimlənməsində, immun sistemin gücləndirilməsində, qanazlığı zamanı faydalıdır. Zehni fəaliyyətin inkişafına müsbət təsir etdiyindən uşaqlara da istehlakı tövsiyə olunur.İydə və innabın da tərkibində orqanizm üçün zəruri olan bir çox maddələr vardır. Bu maddələr orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. Belə ki, iydə kalori dəyəri aşağı olduğundan pəhriz saxlayanlar üçün əlverişlidir. C vitamini ilə zəngin olan iydə soyuqdəymə və tənəffüs yolu infeksiyalarında faydalıdır. Təzə və ya qurudulmuş halda istehlak olunan innab isə qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir. Qida dəyəri yüksək olduğuna görə bir ovuc çərəz orqanizmin gündəlik vitamin tələbatını qarşılamağa kifayət edir. Miqdarına diqqət edilməklə günün hər saatında istehlak edilə bilər.

Çərəzləri alarkən onun xarici görünüşünə, həm də məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirmək lazımdır. Çərəzlər bütöv olmalı, üzərində çat, zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Əgər məhsula uyğun gəlməyən qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanmamasının və sağlamlıq üçün təhlükəli olduğunun göstəricisidir. Qablaşdırılmış halda satılan çərəzləri alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir.

Seçilən
0
2
metbuat.az

3Mənbələr