AZ

Samir Abasov və Azər Bağırovdan 2:2-yə şərh

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Reallıq odur ki, bu mövsüm bizim üçün qatar artıq gedib. Bilirəm ki, mən danışandan sonra vallar başqa yerə çevrilə bilər, danışıqlarımdan istifadə edə bilərlər. Bu səhvlər mütəmadidir, mövsüm ərzində davam edir. Qollar vura bilmirik. Bunun əziyyətini çəkirik. Birinci hissədə bu qədər dominant oynayan komanda görmüsünüz? İlk yarıda 10-15 dəfə rəqibin cərimə meydançasının içində olmuşuq. Mərkəz müdafiəçilərimiz də ora kimi gəlib çıxmışdılar. 15 epizoddan birində rəqib qapıçı reaksiya verib top çıxarmırsa, bu da hücumda olan problemlərin sübutudur. Rəqibin hər hücumu isə təhlükə ilə bitir. Müdafiədə olan problemi də bilirik. Üç oyunumuz qalıb. Futbolçuları həmin matçlara kökləyəcəyik. Bilmirəm artıq nə deyim. Adımıza layiq iş görmürük. Xoş hal odur ki, son iki görüşdə məğlub durumda olarkən hesabı bərabərləşdirə bilmişik, axıra kimi oynayırıq”.

Samir Abasov növbəti mövsümlə bağlı büdcə barədə danışmağın hələ tez olduğunu açıqlayıb:

“Bilmədiyim bir şey haqda sual verirsiniz. Mövsümün sonunda gələn ilin planlarını müzakirə edəcəyik. Büdcənin nə qədər olacağını bilmirəm. Emin Mahmudovun 1 illik müqaviləsi var. Hələ 3 oyun var. Müqaviləsi olanlar hələ ki, bizimlədir. Amma bu o demək deyil ki, sözləşməsi olanlar mütləq burada qalmalıdır. İnanıram ki, futbolçlarla fikirlərimiz üst-üstə düşəcək”.

Samir Abasovdan hədə-qorxu?

Samir Abasov Elvin Camalovun bu oyunda qırmızı vərəqə almasına da münasibət bildirib:

“Bunun qərəzlə bağlı olduğunu düşünmürəm. Hansısa hakimin “Neftçi”dən, Samirdən zəhləsi gedir deyə bir şey yoxdur. Yanlış qərarların əziyyətini çəkdim. Bassala Sambunun kubokun yarımfinal oyunlarında olmaması öz təsirni göstərdi. Bugünkü epizodda mənim gördüyüm qədərilə Elvinin ayağı topa dəyir. “Neftçi” haqda çox danışılır. Nəticələrimiz yaxş deyil. Bizim düşdüyümüz situasiya heç kimə bu rahatlığı verməsin. Bunun sonu yaxşı qurtarmayacaq. Lazım olan insanlar masaya yumruğunu vuracaq. Ondan sonra Allah sizi qorusun. “Neftçi” haqda neqativ danışıqlara reaksiya verməməyimizin səbəbi var. Bu da futbolda başımızın aşağı olmasıdır. Nəticələrimiz heç kimə əsas vermir ki, “Neftçi”ni kimlərəsə xoş gəlmək üçün vasitə etsinlər. “Neftçi” bir gün özünə gələcək. Bu, tezliklə baş verəcək. Yüz faiz əmin olun ki, rəhbərliklə fikirlərimiz üst-üstə düşür. Biz onları anlayırıq, onlar da bizi”.

“Qışdan sonra ən çox xal toplayan 3-4 komandadan biriyik”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə heç-heçəyə belə şərh verib:

“Azarkeşlərimizə təşəkkür edirəm. İkinci hissə istədiyimiz kimi oldu. İlk yarıda qol buraxdıq. Fasilədən sonra istədiyimiz futbolçulardan istifadə edərək önə keçdik. Təəssüf ki, son dəqiqələrdə penaltidən qol buraxdıq. Amma üzülməyə dəyməz. Əsas odur ki, bu gün xallarımızın üstünə xal gəldi. Futbolçularım meydanda əsl qladiator kimi döyüşdülər.

Birinci hissədə meydanda daha çox siyasi gedişlər edirdik. Rəqibi üzərimizə çəkdik. İkinci hissədə sürətli oyunçuların hesabına əks-hücumlarımız daha təhlükəli oldu. Meydana hücumameyilli 4 futbolçu buraxdıq. Eyni anda 4 dəyişiklik edəndə rəqibi fiziki baxımdan hazırlıqsız tutursan.

Heç kim istəməz ki, əlavə olunan dəqiqələrdə qol buraxsın. Həqiqətən də üzüntülü məqamdır. Qələbə qazansaydıq, çempionatda qalmağı rəsmiləşdirəcəkdik. Qışdan sonra ən çox xal toplayan 3-4 komandadan biriyik. Məncə, bu imkanlarla bu nəticə “Kəpəz” üçün çoxdur”.

Seçilən
0
arena.az

1Mənbələr