Ölkədə fəaliyyət göstərən futbol akademiyaların xaricdə təşkil olunan turnirlərə getdikcə daha çox maraq göstərməsi müsbət haldır.
Futbolçuların uşaq yaşlarından etibarən beynəlxalq yarışlarda iştirak etməsi, onların gələcəkdəki peşəkar futbol karyerasına da tez zamanda adaptasiya olmasına səbəb olacaq.
Turnirlərdə iştirakın müsbət tərəflərindən biri də akademiyaların öz mənfilərini görmələridir. Hansı ki, Avropa ilə müqayisədə bir sıra çatışmazlıqlar olduğunu demək olar ki, bütün futbol ocaqları qəbul edir.
Bu istiqamətdə görülməli olan işlərdən başlıcası da uzunmüddətli futbolçu hazırlığıdır.
Mövzu ilə bağlı Lids Bekett Universitetinin İdman Elmi, Güc və Kondisiya üzrə magistr dərəcəsində təhsil alan, həmçinin gənclərdən ibarət milli komandalarımızda idman elmi üzrə mütəxəssis işləyən Turcay Əhmədovla danışdıq:
“Müasir futbolda 10-15 il olar ki, uzunmüddətli futbolçu hazırlığı var. Hansı ki, burada futbolçunun taktikası, texnikası, fiziologiyası, psixologiyası nəzərdə tutulur. Uzunmüddətli futbolçu hazırlığı anlayışında hər bir ölkənin öz liqa formatı var. Məsələn, Brito və onun elmi qrupunun araşdırması var. Təkcə, Avropada bu liqaların formatının necə qurulduğu göstərilir. Onlar Avropanı şimali, qərbi, mərkəzi, şərqi, mərkəzi-şimali və cənubi olmaqla, bir neçə hissəyə bölüblər. Burada ən çox diqqətimi cəlb edən, Şimali Avropadan Danimarka olub. Onlar U-5, U-6 yaş qruplarında 3X3 formatını tətbiq edirlər. Daha sonra 5X5 formatına keçirlər. U-11, U-12 yaşlarda isə 7+1 formatından istifadə edirlər. Azərbaycanda liqalar U-8-dən başlayır. Orada 4×4 oynayırlar. U-9 liqasında biri qapıçı olmaqla 7X7 oynayırlar. Daha sonra 9×9 və 11×11-ə keçid edirlər. Ümumiyyətlə, Danimarkanın bu işə yanaşması çox yaxşıdır. Çünki onlar uzunmüddətli pilot layihə həyata keçirtdilər. Müəyyənləşdirdilər ki, çox kiçik yaş qruplarının topla təmasını daha çox təmin etmək lazımdır. Bunu təmin etdikdən sonra uzunmüddətli futbolçu hazırlığına keçid aldılar. Danimarkalılar, əsasən, fizioloji adaptasiyaya üstünlük veriblər. Məsələn, 7+1 şəklində meydançanın yarısında oynayırlar. Bu format 11×11-ə keçid üçün ən optimal yoldur. Çünki burada futbolçu daha çox qaçmalı olur, nəinki 9×9-a olanda. Artıq onlar 11×11-ə keçid alanda demək olar ki, oyunçular bütün komponentlərdə böyük futbola hazır olurlar. Neçə dəqiqə, həftədə neçə dəfə oynadıqları, həmçinin topun ölçüsünün, atmosfer təzyiqinin nə qədər olması onların xüsusi nəzarətindədir. Məsələn, bəzi Avropa ölkələri görünüş olaraq 5 razmer, ancaq təzyiq olaraq yüngül topdan istifadə edirlər. Yəni uşaqlar artıq kiçik yaşlarından 5 ölçülü topun vizuallığına öyrəşirlər. Buna perseptual adaptasiya deyirlər. Yəni bu, topla ayağın təması olaraq bilinir. Əgər bir futbolçu uşaq yaşlarından belə topla məşq edirsə, peşəkar karyerasına daha tez uyğunlaşır. Bunu Danimarka Futbol Federasiyası çox uğurlu bir pilot layihə etdi”.
O, Avropa ölkələrinin fərqli-fərqli metodikalardan istifadə etdiyini bildirdi:
“Daha sonra Benlüks ölkələri var – Belçika, Niderland və Lüksemburq. Lüksemburqu isə xüsusi qeyd edərdim. Çünki onların ümumi əhalisi çox azdır. Amma onlar Belçika və Niderland formatını kopyalayaraq çox böyük uğur əldə ediblər. Məsələn, Niderlandın U-13 liqasında artıq 11X11-ə futbol oynayırlar. Amma U-11 və U-12 isə meydançanın yarısı olmaqla 7+1 şəklində oynayırlar. Yəni onlar əmindirlər ki, bu format futbolçuları inkişaf etdirmək üçün ən ideal seçimdir. Belçikada U-13 liqası 11×11-ə oynasalar da artıq elit səviyyədə mübarizə aparırlar. Yəni “Genk”, “Gent”, “Vesterlo” kimi elit səviyyəli akademiyaları var. Hansı ki, futbolçuların fiziki görünüşləri onlara 11×11-ə futbol oynamağa imkan verir. Amma elitdən bir pillə daha aşağı olan sabelit səviyyəsi var. Orada isə meydançanın yarısı olmaqla, 7+1 şəklində oynayırlar. Formatlar çoxdur. Ukraynaya baxsaq, görərik ki, onlar da Danimarkanın yolunu gedirlər. Konkret demək olmaz ki, bu formatı seçməklə, uğuru əldə edə bilərik. Çünki bu formatların içində texniki detallar çoxdur”.
Mütəxəssis Cənubi Amerikada bu mövzuya tamam fərqli yanaşma olduğunu, lakin bunun da xeyirli olduğunu ifadə etdi:
“Cənubi Amerikada uşaqlar 10-11 yaşlardan etibarən artıq 11×11-ə futbol oynayırlar. Bunun uğurlu olub-olmamasına gəlincə, görürük ki, Cənubi Amerika dünya futboluna N qədər oyunçu istehsal edir. Bizim ölkə üçün mentalitetimizə uyğun olan, daha uğurlu formatı seçmək üçün isə dərindən elmi araşdırmalar aparmaq lazımdır. İstənilən uşaq futbolunda nəticə önəmli deyil. Sadəcə akademiyalarımız qarşısında belə bir vəzifə durur ki, biz öz futbolçularımızı uzunmüddətli necə hazırlaya və əsas komandaya necə transfer edəcəyik? Çünki bugünkü gündə hər hansı akademiyanın U-19-da çıxış edən birini götürüb əsas komandaya aparsan, avtomatik bir boşluq əmələ gələcək”.
O, ölkədəki akademiyaların bu istiqamətdə gecikdiyini də gizlətmədi:
“Sevindirici hal odur ki, artıq akademiyalarımızın bəzisi bir sıra beynəlxalq turnirlərdə iştirak edir. Hər turnirdən sonra həmin komandaların məşqçilərinin müsahibələrini izləyirəm. Bu yaxınlarda gördüm ki, “Sabah” U-13-ün çalışdırıcısı Nasir Nasirli “Mançester Siti”nin artıq iki ildir 11×11-ə futbol oynadığını bildirib. İngiltərədə U-10 və U-11 liqasında geniş meydançada 7+1 şəklində oynayırlar. Bu, bir yanaşmadır. Biz, öz liqalarımızın formatına baxıb, araşdırma aparıb, onu inkişaf etdirsək, uzunmüddətli futbolçu hazırlığı üçün böyük bir təkan olardı. Deyək ki, UEFA-nın turnirində Azərbaycan U-16 millisi iştirak edir. Bizimkilər iki il 11×11-ə futbol oynadıqları halda, rəqiblərdə bu 4-5 ilə bərabər olacaq. Burada söhbət fizioloji adaptasiyadan da getmir. Bir var ki, sən 2 il ərzində uşaqlara böyük futbolun sirlərini öyrədirsən, amma onlar artıq 4 ildir ki, işin içindədirlər. Müasir futbolda 10 il olar ki, deduktiv taktiki qavrama anlayışı var. Deduksiya o deməkdir ki, əgər sən bir futbolçuya bütün komponentləri düzgün formada izah edirsənsə, o, həmin futbolçunun uzun müddət yaddaşında qalır. Taktika fərdi, qrup və komanda şəklində olmaqla 3-ə ayrılır. Əgər uşaq U-12 liqasında oynayırsa, artıq taktiki davranışlarını bilməlidir”.
Futbol elmiylə məşğul olan Əhmədov ölkə futbolu üçün də detallı araşdırmadan sonra düzgün bir qərar verilməsinin vacibliyini qeyd etdi:
“Ona görə də düşünürəm ki, liqaların formatı futbolçuların Avropada istər öz yaşında, istərsə də bir yaş yuxarı olanlarla rəqabətliliyi təmin edə bilər. Ancaq o şərtlə ki, biz, bu sahəni mütləq şəkildə araşdırıb və inkişaf etdirməliyik. “Gəlin bunu edək, görək necə alınır” məsəli olmamalıdır. İtirilən hər vaxt bizim ziyanımıza işləyir. Lakin kəmiyyət və keyfiyyət üzərindən araşdırmalar etsək ki, hansı bizə daha yaxındır və hansında daha çox bəhrələnə bilərik, o zaman daha düzgün addım atmış olarıq”.
O, öz bəyəndiyi formatı da dilə gətirdi:
“Ümumən, Belçika və Niderland məktəbi mənim daha çox xoşuma gəlir. Çünki burada addım-addım gedirsən. Həm də futbolçuların fizioloji adaptasiyasını və 13 yaşdan etibarən 11X11-ə keçməsini təmin etməklə, Avropa ilə başabaş taktiki savaşa girə bilərsən”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.