"Dövlət işğalçılara layiqli gələcək təmin edə bilməyəcək və bu, sosial gərginliklə yanaşı, zorakılıq dalğasına səbəb ola bilər..."
ABŞ bir daha Rusiyanı Ukraynaya qarşı təcavüzü dayandırmağa və sülh sazişi bağlamağa çağırıb. Lakin Kreml bu səyləri bloklamağa davam edir.
Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
Nəşrin məlumatına görə, Qərb siyasi dairələrində belə bir narahatlıq yaranıb: müharibə dayansa, Putin rejimi ciddi daxili siyasi böhranla qarşılaşa bilər.
Bunun səbəbi odur ki, Rusiya hələ də hərbi-strateji məqsədlərinə çata bilməyib. Müharibə dövründə isə hərbi sənaye böyük dövlət investisiyaları hesabına genişlənib və yüz minlərlə insan bu sahədən sabit gəlir əldə edir. Bu, Putinin kompromisə getməsini çətinləşdirir.
Rusiya iqtisadiyyatı tənəzzülə gedir
Rusiya iqtisadçıları bildirir ki, hərbi sənaye sahələrini çıxmaqla, ölkədə sənaye istehsalı durğunluğa gedir. Qida və maşınqayırma kimi bir çox sektorda azalma müşahidə olunur. Artımı yalnız müdafiə sənayesi göstərir və bu, ümumi geriləməni gizlədir.
Buna baxmayaraq, Rusiya Mərkəzi Bankının keçmiş əməkdaşı Aleksandra Prokopenko hesab edir ki, müharibənin sonu hərbi sektora zərbə vurmayacaq. Onun fikrincə, Ukrayna ilə müharibə nəticəsində tükənmiş silah ehtiyatlarının bərpası tələb olunacaq və müdafiə sənayesi dövlət sifarişlərindən yenə faydalanacaq.
Prokopenko qeyd edir ki, NATO və Avropa İttifaqı ölkələri də hərbi xərcləri artırmağı planlaşdırır. Belə bir şəraitdə Putinin hərbi sənayeyə xərcləri azaltması siyasi baxımdan mümkün deyil.
Veteranların qayıdışı Kremlin baş ağrısı ola bilər
Böyük təhlükə isə cəbhədən qayıdan veteranlardır. Təhlükəsizlik üzrə ekspert Marqaret Klaynın sözlərinə görə, bu şəxslərlə işləmək Putinin qarşısında ciddi problem olacaq.
Əsas məsələ maliyyədir. Çünki bu könüllü döyüşçülər və müqaviləli əsgərlər müharibə dövründə orta əmək haqqından dəfələrlə çox qazanc əldə edib. Bəzən 40 min avronu keçən birdəfəlik mükafatlar da verilib.
İndi isə bir çoxu psixoloji travmalı və zorakılığa meylli vəziyyətdə sosial-iqtisadi cəhətdən zəif bölgələrə qayıdacaq. Dövlət onların gələcəyini təmin etməsə, bu, cinayətkarlığın artmasına səbəb ola bilər. Mütəxəssisin sözlərinə görə, müharibənin ilk aylarından sonra Rusiyada zorakı cinayətlərin sayı artıb və bu risk hələ də qalır.