2025-ci il mayın 4-də Yəməndən buraxılan raket İsrailin Ben-Qurion Beynəlxalq Hava Limanının yaxınlığında partlayıb.
Bizim.Media xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, raketin qalıqları hava limanının ətrafında qeydə alınıb və hadisə ilə bağlı araşdırma aparılır.
Hadisə nəticəsində hava limanının uçuş və enişləri müvəqqəti olaraq dayandırılıb, lakin daha sonra normal fəaliyyət bərpa edilib. Bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Raket hücumu zamanı hava limanının yaxınlığında yerləşən əraziyə ziyan dəyib və bir neçə nəfər yüngül xəsarət alıb. İsrailin "Magen David Adom" təcili yardım xidməti tərəfindən yaralılara yardım göstərilib.
Yəməndəki Husi üsyançıları hücuma görə məsuliyyəti öz üzərinə götürüb və bu hücumu Qəzzada baş verən hadisələrə cavab olaraq həyata keçirdiklərini bildiriblər.
İsrail Müdafiə Naziri İsrael Katz hadisəyə sərt cavab veriləcəyini və İsrailə zərər vuranlara yeddiqat zərbə endiriləcəyini bəyan edib.
Bu hücum, İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirməyi planlaşdırdığı bir vaxtda baş verib və bölgədəki gərginliyi daha da artırıb.
Bizim.Media