Bəs, görəsən, qəzalı binaların söküntüsü niyə ləngiyir?
Millət vəkili Fazil Mustafanın sözlərinə görə, qəzalı binada yaşayan insanlar problemin həllini gözləyirlər: "Təkcə Sabunçu rayonu və Bakıxanov qəsəbəsində təqribən 209 qəzalı bina mövcuddur. Onlardan cəmi 47-nin qəzalı vəziyyətdə olduğunu təsdiq edən akt tərtib edilib. Vəsait olmadığı üçün digər binalarla bağlı belə akt tərtib edilməyib. Qəzalı vəziyyətdə olan iki və üç mərtəbəli 174 binanın sakinləri bu məsələyə əncam çəkilməsini gözləyir. Sabah hansısa hadisə baş verəndə sonradan peşmançılığını çəkməyək deyə, indidən bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməliyik. Məsələnin həlli sahibkarların bu işə cəlb olunmasıdır. Amma bu, stimullaşdırılmalıdır. Digər tərəfdən, hazırda qəzalı binaların sakinlərinə hər kvadratmetr üçün 1300 manat verirlər. Üçotaqlı mənzildə yaşayan vətəndaş alacağı pulla gedib ev ala bilmir. Çünki ona verilən məbləğ 80-100 min manatdır, amma bazarda real qiymət 200 min manatdır”.
Daşınmaz əmlak məsələləri üzrə eksperti Elnur Fərzəliyev hesab edir ki, ölkə ərazisində olan bütün qəzalı, xüsusən də istismar müddətini başa vurmuş binalarla bağlı monitorinq aparılmalıdır: "Daha sonra Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət şöbəsi onun qəzalı olub-olmadığını yoxlamalıdır. Qəzalı binalar mümkün qədər qısa vaxtda sökülməli və yaxud söküləcəyi günə qədər həmin binalarda təmir-bərpa işləri aparılmalıdır. Təbii ki, qısa müddətdə bütün qəzalı binaların sökülməsi və yenisi ilə əvəzlənməsi qeyri-mümkündür. Belə binalar dövlətin hansısa qurumu tərəfindən deyil, əsasən özəl şirkətlər tərəfindən sökülməlidir”.
Mütəxəssis söküntü prosesinin yubanmasını müxtəlif səbəblərlə bağlayır. Onun fikrincə, özəl sektorun dəstəyi olmadan dövlət bu işin öhdəsindən gələ bilməz: "Daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinə sərf etmir. Bu baxımdan, ən yaxşısı tikinti şirkətləri üçün müəyyən güzəştlərin tətbiq olunmasıdır. Çünki bu gün tikinti şirkətlərinin qarşısında əngəllər mövcuddur. Bu əngəllər aradan qaldırılmalıdır ki, işlər yubanmasın, tikinti şirkətləri söküntüdə maraqlı olsunlar. Həmin şirkətlərə vergi güzəştləri, icazələrin alınmasında müəyyən imtiyazlar verilə bilər”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirir ki, artıq istismarı mümkün olmayan binaların söküntü prosesinə start verilib: "Bu istiqamətdə aidiyyəti qurumlar tərəfində müvafiq addımlar atılır. Həmin binalardakı mənzillər qiymətləndirilir, vətəndaşlara kompensasiyalar ayrılır və ya müvafiq ərazilərdə mənzillər təklif olunur. Təbii ki, mövcud problemin həllinə birdən-birə nail olmaq qeyri-mümkündür. Bununla bağlı 2025-ci ilin büdcəsindən ilkin olaraq 50 milyon manatın ayrılması nəzərdə tutulub. Bu o deməkdir ki, hökumət problemin həllində iradə ortaya qoyub və prosesin davamlı olacağı bildirilir”.
V.Oruc onu da vurğulayır ki, hazırda yaşayış fondunun təxminən 10-15 faizi yararsız vəziyyətdədir: "İlkin olaraq 1-2 mərtəbəli yararsız binalar söküləcək və onların yerinə yeniləri tikiləcək. Düşünürəm ki, bu situasiya ölkənin daşınmaz əmlak bazarına da müsbət təsir göstərəcək”.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirir ki, bu, həm ölkə iqtisadiyyatı, həm də vətəndaşlar üçün mühüm məsələdir: "Çünki son yüz ildə Bakıda inşa olunan yaşayış fondu köhnəlib. Həmin binalar kütləvi şəkildə yenilənməlidir. Amma nə hökumətin, nə də özəl sektorun 16 minə yaxın köhnəlmiş yaşayış fondunu bərpa etməyə resursu yoxdur. Məsələn, paytaxtın birinci mikrorayonunda sakinlər uzun illərdir ki, təhlükəli binalarda yaşayırlar. Nazirlər Kabineti hələ 2017-ci ildə sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq qərar verib. Qərarın verilməsindən səkkiz il keçməsinə baxmayaraq, ərazidə heç bir iş görülməyib. Halbuki orada cəmi 40 bina, 1800-ə yaxın mənzil var. Bu işin həyata keçirilməsi üçün azı 50 il vaxt lazımdır. Hazırda dövlət üçün əsas prioritet 30 il işğal altında qalmış Qarabağın yenidən qurulmasıdır”.
10Mənbələr
-
news24.azQəzalı binaların sökülməsi niyə ləngiyir? ( 17005418)
-
azpost.infoQəzalı binalarla bağlı mühüm məlumat: Hər kvadratmetr üçün… ( 16973312)
-
pravda.azQəzalı binalarla bağlı mühüm məlumat: Hər kvadratmetr üçün... ( 16972526)
-
bizim.mediaQəzalı binalarla bağlı mühüm məlumat: Hər kvadratmetr üçün... ( 16972652)
-
bizim.mediaQəzalı binalarla bağlı MÜHÜM MƏLUMAT ( 16972769)
-
far.azQəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR ( 16972439)
-
yenisabah.azQəzalı binaların söküntüsü niyə LƏNGİYİR? ( 16972157)
-
valyuta.azQəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR ( 16972034)
-
hit.azQəzalı binaların sökülməsi niyə ləngiyir? ( 16969217)
-
demokrat.azQəzalı binaların sökülməsi niyə ləngiyir? ( 16963304)