AZ

Cüdo: Qubadakı Avropa Kubokuna 12 medallıq start

Bu gün – mayın 3-də Qubada yeniyetmələr arasında təşkil olunmuş cüdo üzrə Avropa Kuboku turnirinə start verilib.

Arena.az xəbər verir ki, ilk gündə turnirin rəsmi açılış mərasimi baş tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner və digər rəsmi şəxslər iştirak ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında idmançıları hər zaman güclü olmağa çağırıb. O qeyd edib ki, dövlət tərəfindən idmanın inkişafına yüksək səviyyədə qayğı göstərilir. Nazirin sözlərinə görə, bölgələrdə beynəlxalq yarışların təşkili bu sahənin inkişafına ciddi töhfə verəcək. O, bütün iştirakçılara uğurlar arzulayaraq güclü olanın qalib gəlməsini arzulayıb.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov isə çıxışında Qubanın artıq belə nüfuzlu turnirlərin davamlı ev sahibinə çevrildiyini bildirib. O vurğulayıb ki, qonaqları burada görmək onlar üçün qürurvericidir. İlqar Mahmudov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyib və yarışın təşkilində əməyi olan hər kəsə təşəkkürünü çatdırıb.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Avropa Cüdo Birliyinə göstərilən etimada görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu turnir Federasiya üçün böyük əhəmiyyət daşıyır. O əlavə edib ki, qurum regionlarda cüdonun kütləviləşdirilməsi, idman infrastrukturunun inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır. R.Rəsullu turnirin bölgələrdə təşkilinin Prezident İlham Əliyevin regionlarda idmanın inkişafı ilə bağlı tapşırıqlarının icrasına uyğun olduğunu da vurğulayıb.

Avropa Cüdo Birliyinin idman komissarı Albert Qmayner çıxışında qurumun prezidenti Laslo Totun salamlarını çatdırıb. O qeyd edib ki, Quba Avropa Kuboku əhatə dairəsi və gənc idmançıların inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Qmayner əmin olduğunu bildirib ki, bu tatamidə çıxış edən cüdoçulardan bəziləri gələcəkdə Avropa və dünya çempionatlarında qalib olacaqlar. O, Quba Avropa Kubokunu açıq elan etdiyi üçün böyük qürur hissi keçirdiyini də qeyd edib.

Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İlk gündə 12 medal

Yarışın ilk mərhələsində 8 çəki dərəcəsində qaliblər müəyyənləşib. Azərbaycan təmsilçiləri ilk gündə ümumilikdə 12 medal qazanıblar – 3 qızıl, 3 gümüş və 6 bürünc.

Oğlanlar arasında Anar Quliyev (-50 kq) və Zeyd Ələsgərov (-60 kq), qızların yarışında isə Nuranə Hacızadə (-48 kq) bütün rəqiblərini məğlub edərək qızıl medalın sahibi olublar.

Rəsul Əlizadə (-55 kq), Fəxri Sahibzadə (-66 kq) və Leyla Ələkbərova (-48 kq) gümüş medalla kifayətləniblər.

İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi -50 kq), Röyal Qayıbov (-60 kq), Hüseyn Hüseynov (-66 kq), Xədicə Abdullayeva (-44 kq) və Aysun Məmmədova (-52 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, iki gün davam edəcək Avropa Kubokunda 12 ölkədən 354 yeniyetmə cüdoçu mübarizə aparır. Azərbaycan bu turnirdə 141 idmançı (100 oğlan, 41 qız) ilə təmsil olunur.

İstanbuldakı Avropa Kubokunun ilk günündə 3 medal

Bu gün həm də Türkiyənin İstanbul şəhərində gənclər arasında Avropa Kuboku start götürüb. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşan yarışın ilk günündə Azərbaycan cüdoçuları aktivlərinə 3 medal yazdırıblar.

-66 kq çəki dərəcəsində tatamiyə çıxan Nizami İmranov bütün rəqiblərindən üstün olaraq qızıl medalı boynundan asıb.

-60 kq çəkidə çıxış edən idmançılarımız Nihad Məmişov və Fərid Qarayev isə üçüncü yeri tutublar.

Qeyd edək ki, ölkəmiz turnirdə 38 cüdoçu ilə təmsil olunur.

Seçilən
0
1
arena.az

2Mənbələr