"Biz Rusiya ərazisində baş verənlərə görə məsuliyyət daşımırıq və oraya səfər etməyi tövsiyə etmirik..."
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin 9 May münasibətilə təklif etdiyi üçgünlük atəşkəsdən imtina edib və əvəzində 30 günlük atəşkəsə çağırıb.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
"Qeyri-şərtsiz atəşkəs amerikalıların təklif etdiyi modeldir. Gəlin 30 gün sınayaq. Niyə 30 gün? Çünki üç, beş, ya da yeddi gün ərzində heç nə barədə razılığa gəlmək mümkün deyil", - Zelenski bildirib.
O, Putinin təklif etdiyi qısamüddətli atəşkəslərlə "oynamaq istəmədiyini" vurğulayıb. "Bu, Putinə 9 Mayda təcriddən yumşaq şəkildə çıxış mühiti yaratmaq, eləcə də hansısa səbəbdən Kreml meydanına gələcək dostları, tərəfdaşları və ya liderləri üçün təhlükəsiz və rahat şərait formalaşdırmaq məqsədi daşıyır. Heç kim Putinə bu məsələdə kömək etməyəcək", - Ukrayna lideri qeyd edib.
Zelenski həmçinin bildirib ki, Ukrayna 9 May Qələbə paradına görə Moskvaya gələcək xarici dövlət nümayəndələrinin təhlükəsizliyinə zəmanət verə bilməz. Onun sözlərinə görə, Rusiya qonaqları təhlükəyə ata biləcək müxtəlif təxribatlara, məsələn, "yanğınlar və ya partlayışlara" əl ata və sonra bunun günahını Ukraynanın üzərinə ata bilər.
"Biz Rusiya ərazisində baş verənlərə görə məsuliyyət daşımırıq. Rusiyaya səfər etməyi tövsiyə etmirik. Əgər edirsinizsə, bizə sual verməyin, bu, sizin şəxsi qərarınızdır", - Zelenski deyib və Ukrayna xarici işlər nazirinin müavini Andriy Sibiqaya bu fikrin beynəlxalq tərəfdaşlara çatdırılmasını tapşırıb.
Ukrayna prezidenti qeyd edib ki, bəzi ölkələr artıq öz nümayəndələrinin Rusiyada təhlükəsizliyini təmin etmək xahişi ilə Kiyevə müraciət edib, lakin konkret adlar açıqlamayıb.
Aprel ayının sonunda Vladimir Putin 8-10 may tarixlərini əhatə edən üçgünlük atəşkəs elan edib. Bu tarixlərdə İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Rusiyada təntənəli tədbirlər planlaşdırılır.
9 Mayda Qırmızı Meydanda keçiriləcək parada təxminən 20 xarici dövlətin nümayəndəsinin qatılacağı gözlənilir. Zelenski isə cavab olaraq dərhal qüvvəyə minən və qarşılıqlı 30 günlük atəşkəs təklif edib. Kremlin bu təklifi rədd etdiyi deyilir.