AZ

Amerikalı hakim "Apple"ı məhkəmə qərarını pozmaqda ittiham etdi

ABŞ-da bir hakim texnologiya nəhəngi "Apple"ı "App Store"un ödəniş sistemi ilə bağlı məhkəmə qərarını pozmaqda ittiham edib. 

Valyuta.az xəbər verir ki, "Apple" isə qərardan apellyasiya məhkəməsinə şikayət verəcəyini açıqlayıb.

ABŞ-ın bölgə məhkəməsinin hakimi İvon Qonsales Rocers "Apple"ın "Epic Games"ə qarşı məhkəmə prosesində verilmiş müvəqqəti qadağa qərarını bilərəkdən pozduğunu, bunun əvəzinə "App Store"da rəqabətə yeni maneələr yaratdığını və bu müddət ərzində məhkəməyə yalan məlumat verdiyini bildirib.

Hakim Rocers "Epic Games"in "Apple"a qarşı müvəqqəti qadağa qərarının icrasına icazə verildiyi sənəddə, "Məhkəmənin bu cür itaətsizliyə dözəcəyini düşünmək böyük səhv hesablamadır" deyib.

O, həmçinin əlavə edib: "Həmişə olduğu kimi, məsələnin ört-basdır edilməyə çalışılması vəziyyəti daha da pisləşdirdi. Bu məhkəmədə "alma"ya ikinci bir diş yoxdur".

2021-ci ildə məşhur "Fortnite" oyununun yaradıcısı "Epic Games" "Apple"ın "App Store" üzərindəki nəzarətini pozmaq üçün məhkəməyə müraciət etmiş və "iPhone" istehsalçısını rəqəmsal məhsul və xidmət sahəsində inhisar kimi davranmaqda ittiham etmişdi.

Hakim Rocers məhkəmə prosesi nəticəsində "Apple"ın "App Store" üzərindəki nəzarətinin hüquqi inhisar təşkil etmədiyini, lakin tərtibatçıların tətbiqlər vasitəsilə digər onlayn platformalara keçid bağlantıları əlavə etmələrinə icazə verilməsi gərəkdiyini qərara almışdı.

O, həmçinin qeyd edib ki, müvəqqəti qərara əsasən, "Apple"ın App Store satışlarından aldığı 30 faiz komissiya, şirkətə "rəqabəti məhdudlaşdıran əməliyyat marjası" qazandırır və bu, rəqabətə ziddir.

Hakimin fikrincə, "Apple"ın məhkəmə qərarına cavabı tətbiqlərdə digər platformalara yönləndirilən keçidlərdən edilən alış-verişlər üçün də komissiya tələb etmək olub. Bundan əlavə, "Apple" "App Store" xaricindəki rəqəmsal alış-verişlərin qarşısını almaq üçün "qorxuducu ekranlar" və yeni şərtlər kimi əlavə maneələr tətbiq edib.

Qərarda hakim Rocers bildirib: "Apple" məhkəmənin əmrini birbaşa pozaraq milyardlarla dollar dəyərində gəlir axını yaratmağa çalışıb. "Apple"ın məhkəmədə verdiyi ilkin bəyanatların əksinə olaraq, eyni dövrə aid kommersiya sənədləri, şirkətin nə etdiyini tam olaraq bildiyini və hər dəfə rəqabətə ən zidd seçimi seçdiyini ortaya qoyur".

"Apple"ın sözçüsü AFP agentliyinə verdiyi açıqlamada, hakimin qərarı ilə razılaşmadıqlarını və daha yüksək instansiya məhkəməsinə müraciət edəcəklərini, lakin qərara əməl etməyi planlaşdırdıqlarını bildirib.

"Epic Games"in baş direktoru Tim Svinin "X" platformasında (əvvəlki "Twitter") paylaşım edərək bildirib: "Apple"ın 15-30 faiz arası "zibil rüsumları", Avropada olduğu kimi, artıq ABŞ-da da aradan qalxır".

Svinin paylaşımında "Apple"ın, məhkəmənin "Apple"-vergisiz çərçivəsini" qlobal miqyasda tətbiq etməsi halında, bu məsələ ilə bağlı hazırkı və gələcəkdəki iddialardan imtina etməyə hazır olduqlarını bildirən barış təklifi də yer alıb.

Hakim ABŞ prokurorluğundan "Apple"ın keçmiş uyğunsuz davranışlarını cəzalandırmaq və gələcəkdə oxşar halların qarşısını almaq üçün cinayət xarakterli təhqir sanksiyalarının tətbiqinin zəruri olub-olmadığını araşdırmağı istəyib.

Paşa Məmmədli

Seçilən
0
valyuta.az

1Mənbələr