Ermənistan ordusu paraşüt-desant təlimlərinə başlayıb.
Ermənistan silahlı birləşmələri son günlər sərhəd bölgələrində artan gərginlik fonunda yeni hərbi təxribat xarakterli fəaliyyətə əl atıb. Sosial şəbəkələrdə yayılan kadrlarda Ermənistan ordusunun dağlıq ərazidə paraşüt-desant təlimləri keçirdiyi əks olunub. “GSSR” telegram kanalının yaydığı videonun koordinatlarının təhlili zamanı məlum olub ki, təlimlər sərhədə yaxın ərazilərdə keçirilir.
KONKRET.az xəbər verir ki, bu cür təlimlərin Ermənistanın daxili ərazilərində deyil, mümkün sərhədə yaxın zonalarda keçirilməsi təsadüfi deyil. Ekspertlər hesab edir ki, bu, təkcə hərbi hazırlıq deyil, həm də Azərbaycanla sərhəddə vəziyyəti gərgin saxlamaq məqsədi güdən təxribat xarakterli addımdır. Ermənistan tərəfi hərbi potensial nümayiş etdirməklə sülh danışıqlarını kölgədə qoymağa çalışır.
Təlimdə iştirak edən bölmələrin desant imkanları, çevik yerləşmə bacarığı və koordinasiyalı manevrləri xüsusi şəkildə vurğulanır. Lakin müşahidələr göstərir ki, bu tipli hərbi fəallıq Cənubi Qafqazda sülh gündəminə ziddir və Ermənistanın revanşist dairələrinin planlarını ortaya qoyur.
Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, sərhədə yaxın bölgələrdə bu cür təxribat xarakterli hərbi fəaliyyətlər sülh prosesinə ciddi zərbə vurur və regionda təhlükəsizliyə təhdid yaradır.
Natiq Səlim,
KONKRET.az