BAKI, 2 may. TELEQRAF
“Rəqəmsallaşmanın sürətlə yayıldığı bir dövrdə kiberhücumlardan hətta yüksək inkişaf etmiş sənaye dövlətləri belə sığortalanmayıb".
Teleqraf xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyası tərəfindən “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, kiber hücumlara həm hüquqi, həm də fiziki şəxslər məruz qala bilər:
"Bir neçə il əvvəl Almaniya parlamenti Bundestaqın, eləcə də onun ayrı-ayrı üzvlərinə müəyyən vaxtlarda olan hücumları və onun ağır texniki və hüquqi nəticələrini qeyd etmək yerinə düşər. Belə kiber hücumların qarşısının alınması, həm də hüquqi və digər nəticələrindən qorunmaq üçün mövcud hüquqi və texniki imkanlardan istifadə çox vacibdir. Yəni mövcud texniki və hüquqi məqamlardan yerində və vaxtında istifadə digər problemlərdən yayınmaq üçün önəmlidir. Ona görə də komissiyadan mövcud hüquqi alətlər və texniki imkanlar barədə iştirakçıların və ictimaiyyətin məlumatlandırılmasını xahiş edirəm”.