AZ

95 minlik ordu sərhədə YIĞILDI - Dəhşətli müharibə BAŞLAYIR

Cənubi Asiyada vəziyyət getdikcə daha da gərginləşir. Aprelin 22-dən etibarən Hindistanla Pakistan arasında artan siyasi və hərbi qarşıdurma regionda sabitliyi təhlükə altına alıb. İki nüvə silahına sahib dövlətin sərhəd xəttinə qoşun toplaması və genişmiqyaslı hərbi hazırlıqlara başlaması beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Son məlumatlara görə, Hindistan təqribən 95 minlik ordunu sərhəd zonasına yığaraq müharibəyə hazırlıq görür.

Münaqişə ocağının alovlanmaq ehtimalı dünya mediasında geniş rezonans doğurarkən, regional və qlobal güclər tərəfləri təmkinə çağırırlar. Türkiyə isə bu gərginliyi Cənubi Asiyanın sülh və təhlükəsizliyi üçün ciddi təhdid kimi qiymətləndirərək vəziyyəti yaxından izlədiyini bəyan edib.

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, bu hadisələr təsadüfi deyil və proseslərin arxasında ciddi geosiyasi maraqlar dayanır:

"Hindistan və Pakistan arasında baş verən son hadisələr planlı bir təxribatın nəticəsidir. Səhnə arxasında bəzi güclər Hindistan və Pakistan kimi iki önəmli dövləti qarşıdurmaya sürükləyir və bu qarşıdurma üzərində müəyyən geosiyasi planlar qurmağa çalışırlar. Məsələ artıq müharibə təhlükəsi səviyyəsinə gəlib çatıb.”

Elçin Xalidbəyli vurğulayır ki, bu mərhələdə supergüclərin tutduğu mövqelər xüsusilə diqqətə layiqdir:

“Məlumata görə, ABŞ artıq Hindistanı dəstəkləməyə başlayıb. Pakistan isə ən yaxın müttəfiqi olan Çinə arxalanır. Rəsmi İslamabad bir müddət əvvəl açıq bəyanat verərək, ölkəyə qarşı hər hansı təhlükə yaranacağı halda nüvə silahından istifadə ediləcəyini bildirib. Hətta Pakistan Hindistana yönəlik 130 nüvə raketini hazır vəziyyətə gətirdiyini də açıqlayıb”.

Politoloq qeyd edir ki, Pakistanın bu gərginlikdə əsas dayaq nöqtəsi Çinlə olan strateji münasibətlər və nüvə silahı arsenalıdır:

“Hazırda Pakistanın təhlükəsizliyinin təminatçısı məhz bu iki amildir – Çin və nüvə silahları. Hindistan isə sanki regionda Ermənistanın rolunu oynamağa başlayıb. Necə ki Ermənistan illərlə Azərbaycana qarşı hərbi təxribatlar həyata keçirirdi, Hindistan da oxşar taktikadan istifadə edir”.

Elçin Xalidbəylinin fikrincə, bu qarşıdurmanın təkcə ikitərəfli münaqişə kimi qalacağı ehtimalı azdır və vəziyyətin daha geniş coğrafi miqyasda eskalasiya olunması mümkündür:

“Rusiya bu prosesdə neytrallığını qoruyacaq kimi görünür. Amma əgər müharibə baş verərsə, bu təkcə Hindistanla Pakistan arasında qalmaz. Hadisələr qloballaşa və daha geniş münaqişəyə çevrilə bilər”.

Aqil Qarayev

Seçilən
0
news24.az

1Mənbələr