AZ

“Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel keçirilib

"Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiya keçirilib.
Sherg.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluq etdiyi paneldə Baş Dövlət Yol Polisi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC,“Bakı Metropoliteni” QSC, həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndələri spiker qismində çıxış ediblər.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib ki, 90-cı ildən bu yana bizdə yol nəqliyyat hadisələrinin, ölüm və xəsarət alma hallarının sayı azalma tempi üzrə gedir.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov hava nəqliyyatının ictimaiyyəti maraqlandıran ən vacib sahələrdən biri olduğunu bildirib. O, AZAL-da xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Əlavə edib ki, son 3 ildə əməliyyat və sərnişin dövriyyəsi baxımından AZAL böyük nəticələr əldə edib.

"Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov cəmiyyəti ən çox maraqlandıran - 28 May Stansiyasının bağlanıb-bağlanmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib, qarşıda görüləcək işlərə aydınlıq gətirib. O, həmçinin, medianın görülən işlərin işıqlandırılmasında rolundan danışıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) kommunikasiya departamentinin direktoru Vəli Məmmədov taksi sayının azalmasının səbəblərinə, piyadalaşma sahəsində görülən işlər, parklanma sahəsində aparılan islahatlara diqqət çəkib. O diqqətə çatdırıb ki, AYNA-ya gündəlik ortalama olaraq 12 sorğunun daxil olur və daxil olan sorğuların 95 faizinin gün ərzində qurum tərəfindən cavablandırılır.

Panel sessiya zamanı nəqliyyat sektorunda davamlı inkişafa yönələn təşəbbüslərin ictimaiyyətə düzgün və effektiv şəkildə çatdırılması, media qurumları ilə aidiyyəti dövlət orqanlarıarasında informasiya mübadiləsinin gücləndirilməsi və ictimai kommunikasiyanın institusional əsaslarla inkişaf etdirilməsi müzakirə olunub.

Sessiyada nəqliyyat infrastrukturunda ekoloji davamlılığın təmin edilməsi, ictimai nəqliyyatda təhlükəsizlik və xidmət keyfiyyətinin artırılması, habelə yol hərəkəti iştirakçılarının maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib. Çıxışlar zamanı qeyd olunub ki, müasir informasiya mühitində bu təşəbbüslərin media vasitəsilə cəmiyyətə dolğun və şəffaf şəkildə çatdırılması ictimai rəyin formalaşmasında mühüm rol oynayır.

Qeyd edək ki, panel müzakirənin sonunda sual-cavab sessiyası keçirilib.
Seçilən
0
7
sherg.az

10Mənbələr