İran və ABŞ arasında şənbə günü (3 may) Romada keçirilməsi planlaşdırılan dolayı danışıqların növbəti raundu təxirə salınıb.
Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi jurnalistlərə bildirib.
Bekayi bu dəyişikliyin Oman xarici işlər nazirinin təklifi ilə edildiyini və yeni tarixlə bağlı məlumatın daha sonra veriləcəyini bildirib.
XİN rəsmisi İran xalqın qanuni maraqlarını təmin etmək, qeyri-qanuni sanksiyalara son qoymaq və iqtisadi təzyiqləri aradan qaldırmaq üçün diplomatiyaya sadiqliyini vurğulayıb.
O qeyd edib ki, İran nümayəndə heyəti danışıqlarda vicdanla iştirak edib və nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ və qeyri-qanuni sanksiyaların aradan qaldırılması ilə bağlı ölkənin prinsiplərinə əsaslanan və beynəlxalq hüquqa uyğun çərçivə təqdim edib.
Bekayi həmçinin bildirib ki, İran ədalətli, ağlabatan və qalıcı razılaşma əldə etmək üçün nəticəyə yönəlmiş danışıqlarda qətiyyətlə irəliləyəcək.