AZ

Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub - YENİLƏNİB

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 1-də davam etdirilib.

Aznews.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə hakim Zeynal Ağayev məhkəmədə ingilis dilində materialın tədqiq olunması ilə əlaqədar prosesdə ingilis dilində tərcüməçi qismində iştirak edəcək Zeynəb Salamovanı təqdim edib.

Hakim prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Prosesdə təqsirləndirilən şəxs Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomaterial nümayiş etdirilib.

Videomaterialın tədqiqi zamanı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli görüntülərin Şuşanın işğalından dərhal sonra çəkildiyini bildirib və A.Qukasyana suallar ünvanlayıb.

Təqsirləndirilən şəxs suallara cavabında videokadrlarda özü ilə birlikdə Şuşada olan şəxslərin adlarını sadalayıb: “Ortada mülki geyimdə olan sürücüdür. Mənim arxamda kostyumda olan Oleq İsayandır. Arxa planda Armen İsaqulovu tanıdım. İkinci Zori Balayandır. Mülki geyimdə olan şəxs Vasili Atacanyandır. İndi sürücünün yerinə Yepiskop Parqev yaxınlaşdı... Digərlərini tanımıram. Görünür ki, sadəcə, hərbçilərdir”.

Ardınca təqsirləndirilən şəxs Davit İşxanyanın Şuşanın işğalının qarşısını almaq istəyən Azərbaycan hərbçilərinin yolunu bağlaması barədə videomaterial nümayiş olunub.

Videomaterialda deyilir ki, Azərbaycan hərbçilərinin Şuşanın işğalının qarşısını almaq məqsədilə Xocavənd istiqamətində irəliləmələrini dayandırmaq üçün D.İşxanyan və onun dəstəsi Monte Melkonyanın əmri ilə yolu bağlayıblar.

Videokadrlarda bildirilir ki, 1992-ci il mayın 15-də dəstə komandiri Armen Avokyan döyüş zamanı ölüb, onun yerinə Davit İşxanyan təyin olunub.

Təqsirləndirilən şəxs D.İşxanyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında videomaterialda yer alan faktların düzgün olmadığını, bunun təbliğat məqsədilə çəkildiyini iddia edib. O deyib ki, nümayiş olunan videomaterial 2020-ci ilin əvvəllərində Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində qondarma rejimin “parlament və prezident seçkiləri” ərəfəsində çəkilib. “Bunun məqsədi təbliğat idi. Mən həmin vaxt əsa ilə gəzirdim. İstəsəydim belə, fiziki cəhətdən orada iştirak edə bilməzdim”, - deyə o əlavə edib.

Məhkəmədə təqsirləndirilən şəxs Arayik Harutyunyanın müsahibəsinin yer aldığı videomaterialdan kadrlar da nümayiş etdirilib və tədqiq olunub. A.Harutyunyan filmdə erməni tağım komandirlərindən biri barədə Kərkicahan, Malıbəyli və digər döyüşlərdə iştirak etməsindən danışır.

A.Harutyunyan dövlət ittihamçılarının suallarını cavablandırarkən həmin döyüşlərdə iştirak etmədiyini, adıçəkilən döyüşlər zamanı İrəvanda Kənd Təsərrüfatı İnstitutunda ali təhsil aldığını iddia edib. O bildirib ki, 2020-ci ildə qondarma rejimdə “namizəd” olarkən müharibə zamanı “xidmətləri”nin şübhə altına alınmaması üçün belə çıxış edib. A.Harutyunyan deyib: “Özümə sənəd hazırlayanda şahidlər çağırmışdım desinlər ki, guya mən döyüş əməliyyatlarında iştirak etmişəm. Orada mənim həmin dövrdə olan xidmətim əks etdirilməli idi. Onlar orada o məlumatı verməli idilər ki, mənim orada iştirak etməyimin şahidi olublar. Mən, ümumiyyətlə, o məlumatları (döyüşlərlə bağlı – red.) dostlardan almışam və sentyabrdan guya onlarla xidmət etmişəm. Təfsilat barədə qardaşımın gündəliyindən tanışam. Bunlar olmasaydı, 2020-ci il “seçkiləri” zamanı mənim həmin dövrdə xidmətim şübhə altına alınardı. Hansısa bir şey çəkilməli idi və götürülməli idi ki, mən döyüşlərdə iştirak etmişəm. Amma fakt budur ki, mən həmin vaxt tələbə olmuşam”.

O, öz vəkilinin sualını cavablandıran zaman isə deyib ki, Qarabağa birdəfəlik 1993-cü il avqustun sonu-sentyabrın əvvəlində köçüb.

Arayik Harutyunyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Şuşanın işğalı əməliyyatına rəhbərlik edən şəxslərin Laçın rayonunun işğalında da iştirak etdiklərini bildirib.

O, ötən məhkəmə prosesində nümayiş olunan videomateriala istinad edərək Şuşanın işğalına rəhbərlik edən şəxslərdən (Samvel Babayan, Seyran Ohanyan, Valeri Çitçyan, Arkadi Karapetyan və s.) Valeri Çitçyan istisna olmaqla, digərləri ilə tanış olduğunu deyib.

“Filmdə nə deyilirsə, reallığa uyğundur. Onlar təkcə Şuşa əməliyyatında yox, Laçın əməliyyatında da iştirak ediblər. Demək istəyirəm ki, Şuşa əməliyyatı ilk vahid əməliyyat idi. Onlar əməliyyatı daha bir neçə gün - mayın 17-dən 19-dək davam etdiriblər.

A.Harutyunyan Zori Balayanın tez-tez Qarabağa gəldiyini, bütün rəhbər şəxslərlə görüşdüyünü də bildirib.

Məhkəmədə Qaradağlı kəndinin işğalına qədər baş vermiş bir sıra cinayət hadisələri, o cümlədən Qaradağlıda Azərbaycan vertolyotunun vurulması ilə bağlı sənədlər nümayiş etdirilib və tədqiq olunub.

Bu cinayətlərə 1989-cu, 1990-cı və 1991-ci illərdə Qaradağlı kəndinə ermənilər tərəfindən müxtəlif hücumların edilməsi, azərbaycanlı əhalinin qətlə yetirilməsi, meyitlərin yandırılması, onlara xəsarətlərin yetirilməsi, kəndin talan edilməsi, sakinlərin mal-qaralarının aparılması və s. daxildir. Habelə azərbaycanlıların olduqları sərnişin avtobuslarının dəfələrlə atəşə tutulması nəticəsində ölənlər və yaralananların olması faktları ilə bağlı sənədlər nümayiş etdirilib.

Məhkəmədə 1991-ci il noyabrın 20-də Qarakənddə vertolyotun vurulması faktı üzrə protokollar da tədqiq edilib. Bildirilib ki, hadisə zamanı vertolyotda olmuş 22 nəfərin hamısı həlak olub. Fakta görə, həmin gün Xankəndi Hərbi Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Hadisə yerinə baxış zamanı Məhəmməd Əsədovun, İsmət Qayıbovun, İqor Plavskinin, Nikolay Jinkinin tabel silahları və operator Fəxrəddin Şahbazovun sərəncamında olan “Panasonic 450 AJ” markalı videokamera tapılmayıb.

Məhkəmədə Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Mənim qardaşımın yolu” adlı kitabından bir hissə elan olunub. Həmin hissədə deyilir: “Günorta saat 5-dək hərbi dəstələr hərbi məqsədlərinə nail olmuşdular. Həmin gün ermənilər tərəfindən bir döyüşçü öldürülmüşdü. Azərbaycanlılardan isə iki nəfər həlak olmuşdu və 48 nəfər əsir götürülərək yük maşınına yığılmışdı”.

Kitabda, həmçinin “Şram Edo” kimi təqdim olunan erməni hərbçinin bir neçə yaralı azərbaycanlı əsgərin üzərinə benzin töküb onları diri-diri yandırmasından da bəhs edilir. Kitabda deyilir: “Monte kəndin qırağında yerləşən xəndəyə gəldiyi zaman ora artıq ət parçaları olan bir qəssabxanaya çevrilmişdi”.

Daha sonra məhkəmədə həmin hadisələrin canlı şahidləri – zərərçəkmiş şəxslər ifadə verib, onlara ünvanlanan sualları cavablandırıblar.

Zərərçəkmiş şəxs Seyyur Nağıyev ifadəsində Qaradağlı kəndində dünyaya gəldiyini, həmin kəndin sakini olduğunu, təqsirləndirilən şəxslərdən Davit İşxanyanı tanıdığını bildirib və deyib: “Bizim qonşu kənddəndir”.

Seçilən
0
27
aznews.az

10Mənbələr