Yəmən müharibəsi planlarının paylaşıldığı “Siqnal” qrupuna “səhvən” amerikalı jurnalisti əlavə etdikdən sonra tənqid atəşinə tutulan ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Valsın tutduğu vəzifədən istefa verəcəyi bildirilir. Digər tərəfdən, ABŞ mətbuatı Trampın Valsı ciddi tənqid etdiyi iddia edib.
ABŞ mətbuatında yayılan və Ağ Evdəki adı açıqlanmayan mənbələrə əsaslanan xəbərlərə görə, Vals vəzifəsini tərk edir. İlk olaraq “CBS News”un verdiyi xəbərə görə, milli təhlükəsizlik müşaviri Vals və onun müavini Aleks Vonq vəzifələrindən gedirlər. Ağ Ev hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
***
ABŞ mətbuatı Donald Trampın Valsı qovduğunu iddia edib. Vals “səhvən” amerikalı jurnalist Ceffri Qoldberqi Yəmən müharibəsi planlarının paylaşıldığı “Siqnal” qrupuna əlavə edib və hadisənin üzə çıxmasından sonra tənqid hədəfinə çevrilib.
ABŞ prezidenti Donald Tramp Valtzın səhv etdiyini, insidenti böyük bir şeyə çevirməməli olduğunu və məsləhətçisindən məmnun olduğunu söyləmişdi.