AZ

SOCAR istiqrazlarının 14-cü kupon ödənişi edilib

Bakı, 1 may, AZƏRTAC

SOCAR-ın 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci SOCAR istiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi 1 may tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

“SOCAR Capital”dan AZƏRTAC-a bildiriblər ki, 9 ilə yaxındır Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib SOCAR istiqrazlarının 14-cü kupon ödənişi nəticəsində investorlarına qazandırdığı gəlir 15 milyon 750 min dollara yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir 22,5 milyon dollar təşkil edəcək).

İstiqrazların növbəti kupon ödənişi 1 avqustda baş tutacaq.

Məlum olduğu kimi, SOCAR tərəfindən yaşıl enerji layihələrini dəstəkləmək məqsədilə buraxılan “Yaşıl” təyinatlı yeni istiqrazların cari ilin 7 mart tarixindən etibarən Bakı Fond Birjasında tədavülünə start verilib. İllik 6 faiz gəlirliliklə 5 illik müddətə buraxılan və faizləri rüblük qrafiklər əsasında ödəniləcək olan “Yaşıl” istiqrazların ilk kupon ödənişi 7 iyun tarixində baş tutacaq (Emissiya prospektinə əsasən, kupon ödənişi qeyri-iş gününə təsadüf edərsə, ödəniş növbəti ilk iş günü icra edilir).

SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən və Azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.

Seçilən
0
1
azertag.az

6Mənbələr