Əli Mustafa: “Problem ondadır ki, Rusiya atəşkəsdə maraqlı deyil”
ABŞ dövlət katibi Marko Rubio xəbərdarlıq edib ki, əgər Moskva və Kiyev Ukraynada müharibəyə son qoymaq üçün konkret təkliflər irəli sürməsələr, Birləşmiş Ştatlar vasitəçi kimi geri çəkiləcək.
Dövlət Departamentinin sözçüsü Temmi Brüs Rubionun sözlərinə istinad edərək jurnalistlərə bildirib ki, artıq tərəflərin bu münaqişəyə necə son qoyulacağına dair konkret təkliflər təqdim etməsinin vaxtı çatıb: “Əgər irəliləyiş olmazsa, Birləşmiş Ştatlar bu prosesdə vasitəçi rolundan geri çəkiləcək”.
Bu arada BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ diplomatı Con Kelli qan tökülməsinin davam etməsinə görə Rusiyanı günahlandırıb: “Bu ölkə təəssüf ki, irimiqyaslı hücumlar həyata keçirib və bu hücumlar günahsız mülki şəxslər də daxil olmaqla, lüzumsuz insan tələfatına səbəb olub”.
Bir tərəfdən ABŞ danışıqlardan çəkilə biləcəyi ilə bağlı xəbərdarlıq edir, o biri tərəfdən Birləşmiş Ştatlar nümayəndəsi müharibənin davam etməsinə görə BMT-də Rusiyanı ittiham edir. Bütün bunların fonunda Vaşinqton Ukrayna məsələsində hansı mövqe tutacaq?
“ABŞ-ın danışıqlardan çıxması Ukraynanın ortalıqda qalması demək deyil”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, ümumilikdə, ABŞ Rusiya-Ukrayna müharibəsinin dayanmasını istəyir: “Trampın səsləndirdiyi fikirlər, yanaşması hər fürsətdə bunu ifadə edir. Ancaq reallıq ondan ibarətdir ki, burada hücum edən, müharibəni başlayan və davam etdirən tərəf Rusiyadır. Yəni əslində bu qərarı Rusiya verməlidir. Ukrayna zatən Tramp ilk dəfə atəşkəslə bağlı təklif irəli sürəndə bunu müdafiə etdi. Ancaq problem ondadır ki, Rusiya atəşkəsdə maraqlı deyil. Müxtəlif qeyri-müəyyən bəyanatlarla çıxış edib vaxtı uzatmağa çalışırlar. Moskva elə şərtlər irəli sürür ki, onları qəbul etmək mümkünsüzdür. Bu isə müharibənin davam etdirilməsini şərtləndirir. Deməyim odur ki, hər şey Rusiyadan asılıdır. İndi Rusiya 3 günlük atəşkəs təklif edib, Ukrayna isə bunun 1 ay olmasını istəyir. Tramp da təklif edir ki, 1 ay atəşkəs olsun, sonra bu, davamlı olsun. Bu, isə o deməkdir ki, top Rusiyadadır. Rusiya ya atəşkəsə razılıq verəcək, ya da müharibə davam edəcək. Belə bir halda ABŞ danışıqlar prosesindən çıxa bilər. Ancaq onu eşitməyən tərəf Rusiyadırsa, bu, o deməkdir ki, ABŞ əslində əvvəlki mövqeyinə qayıdır və yaxud da qayıtmalıdır. Çünki əgər Rusiya ABŞ-ı eşitmirsə, Ukrayna isə bu ölkə ilə saziş imzalayıb onun şərtlərinə əməl edirsə, o halda Vaşinqton Kiyevi müdafiə etməlidir. BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ diplomatı Con Kellinin Rusiyanı tənqid etməsi Kremlə bir siqnal ola bilər. Yəni ABŞ sonsuza qədər Putinin nazı ilə oynamayacaq. O baxımdan hesab edirəm ki, ABŞ-ın danışıqlardan çıxması Ukraynanın ortalıqda qalması demək deyil. Fikrimcə, Rusiya atəşkəsə getməsə, ABŞ Ukraynaya hərbi yardımı bərpa edəcək və hətta artıra da bilər”.
Vidadi ORDAHALLI