BAKI, TurkicWorld
Tramp Qətərdəki Simaisma layihəsinə 3 milyard dollarlıq sərmayə yatırır.
TurkicWorld xəbər verir ki, Qətərin aparıcı daşınmaz əmlak şirkəti Qatari Diar və Trump Organization-un törəmə qurumu olan Dar Global şirkəti Simaisma bölgəsində həyata keçiriləcək lüks yaşayış layihəsi üzrə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.
3 milyard dollar dəyərində qiymətləndirilən layihə çərçivəsində bölgədə yüksək səviyyəli rezidensiyalar və premium həyat tərzinə uyğun infrastrukturun yaradılması planlaşdırılır. Müqavilə Qətərin Lusail şəhərində yerləşən Qatari Diar-ın baş ofisində təşkil edilən rəsmi mərasimdə imzalanıb.
Tədbirdə Qətərin bələdiyyələr naziri və Qatari Diar-ın sədri Abdullah bin Həməd bin Abdullah Əl Attiya, ABŞ-ın prezidenti Donald Trampın oğlu və Trump Organization-un sədr müavini Erik Tramp, həmçinin hər iki şirkətin rəhbər heyətindən nümayəndələr iştirak ediblər.
Qeyd edək ki, bu, Trump Organization-un Yaxın Şərqdə həyata keçirdiyi ən iri layihələrdən biri kimi qiymətləndirilir və regionda lüks daşınmaz əmlak bazarına marağın artdığı bir dövrə təsadüf edir.