Mayın 1-dən Elçin Qədimov “PAŞA Real Estate Qrup”un Baş Kommersiya Direktoru (Group CCO) və Beynəlxalq Layihələr üzrə Baş İcraçı Direktoru (CEO of International Projects) vəzifələrinə təyin olunub. Eyni zamanda, Tural Əliyev “PAŞA Property Management” şirkətinin Baş İcraçı Direktoru (CEO) vəzifəsinə gətirilib.
Elçin Qədimov yeni vəzifələrində daşınmaz əmlak və maliyyə xidmətləri sahəsindəki geniş rəhbərlik təcrübəsinə əsaslanacaq. O, əvvəllər “PAŞA Property Management”in Baş İcraçı Direktoru vəzifəsində çalışaraq strateji təşəbbüslərə rəhbərlik etmiş, təşkilati inkişafın idarə olunmasında uğurlu nəticələr əldə etmişdir. Qrupa qoşulmazdan əvvəl isə bank sektorunda 20 ildən artıq müddətdə yüksək rəhbər vəzifələrdə çalışmışdır. O, ABŞ-ın Cənubi Alabama Universitetindən MBA dərəcəsinə malikdir.
Baş kommersiya direktoru kimi Elçin Qədimov “PAŞA Real Estate Qrup”un yerli və beynəlxalq daşınmaz əmlak satış əməliyyatlarına nəzarəti həyata keçirəcək, kommersiya funksiyalarının mərkəzləşdirilməsini təmin edəcək. O, həmçinin yerli və beynəlxalq bazarlarda hökumət əlaqələrinə rəhbərlik edəcək, strateji tərəfdaşlıqların qurulması və tənzimləyici uyğunluğun təmin olunması istiqamətində fəaliyyət göstərəcək. O, Beynəlxalq Layihələr üzrə Baş icraçı direktor qismində isə Özbəkistan daxil olmaqla, 2025-ci ildə nəzərdə tutulan mühüm xarici investisiya layihələrinə və qlobal strateji inkişaf təşəbbüslərinə rəhbərlik edəcək.
Tural Əliyev isə 17 ildən artıq rəhbərlik təcrübəsi ilə “PAŞA Property Management” şirkətinin Baş icraçı direktoru təyin edilib. O, bundan əvvəl “PAŞA Sığorta” ASC-də Baş icraçı direktorun müavini vəzifəsində çalışıb, burada əməliyyatların təkmilləşdirilməsi, müştəri təcrübəsinin artırılması və innovativ təşəbbüslərin reallaşdırılması sahələrində mühüm töhfələr verib. Tural Əliyev “London Business School”un MBA dərəcəsinə və Carnegie Mellon Universitetinin İnformasiya Sistemlərinin İdarə Edilməsi üzrə CIO Sertifikatına malikdir.
Yeni vəzifəsində Tural Əliyev beşulduzlu xidmət mədəniyyətinin formalaşdırılması, aktivlərin planlı və səmərəli idarə olunması, əməliyyat intizamının təmin edilməsi və maraqlı tərəflərin gözləntiləri ilə uyğunluğun qorunması yolu ilə uzunmüddətli dəyər yaradılmasına fokuslanacaq.
“PAŞA Real Estate Qrup” haqqında
“PAŞA Real Estate Qrup” daşınmaz əmlakın investisiyası, inkişafı, strateji idarəçiliyi və istismarı üzrə ixtisaslaşmış aparıcı şirkətdir. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqroda fəaliyyət göstərən Qrupun portfelinə lüks hotellər, dünya səviyyəli kurortlar, ticarət obyektləri, premium yaşayış layihələri və qarışıq təyinatlı komplekslər daxildir. Keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətinə sadiqliyi ilə seçilən PAŞA Real Estate Qrup sənaye standartlarını yenidən müəyyənləşdirmək və qlobal miqyasda aktivlərinin dəyərini artırmaq məqsədilə fəaliyyət göstərir.