Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Davit İşxanyanın Şuşanın işğalının qarşısını almaq istəyən Azərbaycan hərbçilərinin yolunu bağlaması barədə videomaterial nümayiş olunub.
Ermənilər tərəfindən hazırlanmış videomaterialda deyilir ki, Azərbaycan hərbçilərinin Şuşanın işğalının qarşısını almaq məqsədilə Xocavənd istiqamətində irəliləməsini dayandırmaq üçün D.İşxanyan və onun dəstəsi Monte Melkonyanın əmri ilə yolu bağlayıblar.
Videokadrlarda bildirilir ki, 1992-ci il mayın 15-də dəstə komandiri Armen Avokyan döyüş zamanı ölüb, onun yerinə Davit İşxanyan təyin olunub.
Təqsirləndirilən şəxs D.İşxanyan videomaterilada yer alan faktların düzgün olmadığını, bu vidematerialın təbliğat məqsədi ilə çəkildiyini iddia edib. O deyib ki, bu film 2020-ci ilin əvvəllərində Azərbaycanın vaxtilə işğalda olan ərazilərində qondarma rejimin “parlament və prezident seçkiləri” ərəfəsində çəkilib: “Bunun məqsədi təbliğat idi. Mən həmin vaxt əsayla gəzirdim. İstəsəydim belə, fiziki cəhətdən orda iştirak edə bilməzdim”.