Qusar rayonunun Bədirqala kəndində yerləşən “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) mediatur təşkil edilib.
APA-nın şimal bürosu xəbər verir ki, media nümayəndələri MMC-yə məxsus meyvə bağları, soyuducu anbar kompleksi ilə tanış olublar. Müəssisə haqqında məlumat verən “İsmikhanlı” MMC-nin baş direktoru Nəcəf Cəfərli bildirib ki, alma və sərt çəyirdəklilər əsas prioritet istiqamətlərdəndir:
“2009-cu ildən başlayan yolçuluğumuz bu gün artıq 330 hektardan çox bağ sahələrini əhatə edir. “Eyni zamanda, çeşidləmə qurğumuz var ki, bu da saatda 14 ton istehsal gücünə malikdir. Bu texnologiya ilk dəfə bizdə tətbiq olunub. İstehsal etdiyimiz məhsulların 40-45 faizi Azərbaycanda, qalan hissəsi isə ixraca gedir. Alternativ bazarlardan artıq Körfəz ölkələrinə də çıxmışıq və bu istiqamətdə ixracın həcmini artırmağı hədəfləyirik. Biz “Made in Azerbaijan” brendini dünya bazarlarında tanıdırıq”.
“İsmikhanlı” MMC tərəfindən Qusar və Ağsu rayonlarında müasir texnologiyalara əsaslanan intensiv bağçılıq təsərrüfatları salınıb. Qusarda 330 hektar, Ağsuda isə 30 hektar ərazini əhatə edən bağlarda hazırda 230 hektarda alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin və 18 hektarda gilas ağacları yetişdirilir. Əkin sahələrində yüksək qənaətliliyə malik damcı suvarma texnologiyasından istifadə edilir. Təsərrüfatın texnika parkı müasir avadanlıqlarla təchiz olunub.
2023-cü ilin oktyabr ayında istifadəyə verilmiş soyuducu anbar kompleksi 8700 ton tutuma malikdir. Kompleksə 29 soyutma kamerası, çeşidləmə və paketləmə sahələri, material anbarı və hazır məhsulun yükləmə hissələri daxildir.
Layihənin ümumi dəyəri 18 milyon manat təşkil edir. Kompleksdə 270 nəfər daimi, 400 nəfər isə mövsümi işçi çalışır. Layihənin icrasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə, həmçinin avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Qusar rayonunda “İsmikhanlı” MMC-yə məxsus bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.








