ABŞ-ın Pensilvaniya və Oklahoma ştatlarını təsir edən qasırğada 6 nəfər həyatını itirib.
News24.az xəbər verir ki, Oklahoma ştatının cənubunu və Texasın şimalını təsir edən fırtına bəzi bölgələrdə yağışa səbəb olub, küçələri su basıb.
Oklahoma səlahiyyətliləri, bir çox sürücünün sel sularından xilas edildiyini, Lexington şəhərində isə bəzi sakinlərin sular qalxdığı üçün evlərindən təxliyə edildiyini bildirib.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, fırtına səbəbindən Dallas Love Field və Dallas-Fort Worth Beynəlxalq Hava Limanında əməliyyatlar dayandırılıb, yüzlərlə aviareys təxirə salınıb.
Eyni zamanda, Pensilvaniyada elektrik dirəklərinin və ağacların aşması nəticəsində müxtəlif yerlərdə dörd nəfər ölüb. Fırtına səbəbindən Pensilvaniyada 400 mindən çox ev və iş yeri elektriksiz qalıb.
Milli Meteorologiya Xidməti xəbərdarlıq edib ki, bölgədə tufan sabaha qədər davam edəcək.
Günel Məlikzadə

