İkinci əl geyimlər alanlara XƏBƏRDARLIQ - Xəstəliklər yaradır
Maraqlıdır, ikinci əl geyimlər gigiyenik, istehlakçı hüquqları baxımından hansı riskləri daşıyır? Bu məhsulların ölkəyə gətirilməsi və satışında hər hansı nəzarət varmı? Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Ajans.az"a bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəyə ikinci əl geyimlərin idxalı genişləndi:
‘’Mərkəzi Avropa ölkələrində məsələn, Kanadada ayda bir dəfə vətəndaşlar artıq istifadə etmədikləri əşyaları bələdiyyə tərəfindən ayrılmış xüsusi ərazilərə yığırlar. Kanadada olduğum müddətdə özüm də bəzi geyimləri belə yerlərə qoymuşam. Bu əşyalar axşama kimi saxlanılır və bir qutuya yerləşdirilir. İstəyən şəxslər həmin əşyaları götürə bilər, qarşılığında isə simvolik məbləğdə pul ödəyirlər. Bəzi ölkələrin iş adamları bu cür geyimlərin toplandığı yerlərlə müqavilə bağlayaraq həmin paltarları öz ölkələrinə idxal edirlər. Məlumata görə, bu geyimlər ixrac olunmazdan əvvəl təmizlənir, lakin hansı şəraitdə və hansı standartlara uyğun təmizləndiyi dəqiq məlum deyil. Azərbaycana idxal olunan bu geyimlərə gigiyenik sertifikat verilməlidir’’.
AİB sədri vurğulayıb ki, ixracatçı şirkətlərin verdiyi məlumata əsasən, 5 yaşına qədər uşaqlar üçün nəzərdə tutulan ikinci əl paltarların satışı yolverilməzdir: ‘’Bununla belə, həmin məhsullar ölkəyə gətirilərək satışa çıxarılır. Əhalinin sosial təminatı zəif olan təbəqəsi bu geyimlərə daha çox ehtiyac duyur. Ehtimal olunur ki, bəzi ölkələrdə rast gəlinən dəri xəstəliklərinin Azərbaycanda yayılmasında bu geyimlərin də rolu ola bilər. Azərbaycanın müvafiq dövlət orqanları bu məhsullara gigiyenik sertifikat versə də, istehlakçılara belə geyimləri istifadə etməzdən əvvəl qaynadaraq yumaq tövsiyə olunur. Məlumata görə, bu geyimlər idxal zamanı kiloqramla alınsa da, vətəndaşlara dənə hesabı satılır və alınan qiymətdən 15-20 dəfə baha qiymətə təklif olunur. Qanunvericiliyə əsasən, istehlakçılar bu cür məhsulları aldıqları zaman dəyişmək və qaytarmaq hüququna malikdirlər’’.