Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq və qardaşlıq şəraitində birgə yaşamış, ortaq tarixi və mədəni köklərə malik olmuşlar. Bu yaxınlıq bu gün də iki ölkə arasında münasibətlərin əsasını təşkil edir.
2025-ci il aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi səfər iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ali qonağın mətbuata verdikləri bəyanatlarda səsləndirilən fikirlər və imzalanmış sənədlər Azərbaycan-İran münasibətlərində yeni mərhələnin başlanğıcını qoydu. Prezident Pezeşkianın Azərbaycana böyük nümayəndə heyəti ilə səfəri isə əlaqələrin nə dərəcədə yüksək və güvənə əsaslandığını bir daha nümayiş etdirir. Görüş zamanı hər iki lider tərəfindən qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsipləri vurğulandı.
Bu, bölgədə sabitliyin və uzunmüddətli sülhün təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir. Məlumdur ki, hər iki ölkə beynəlxalq təşkilatlar – BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər platformalar çərçivəsində bir-birini daim dəstəkləyirlər. Bu da Azərbaycan və İranın yalnız ikitərəfli deyil, həm də çoxtərəfli müstəvidə əməkdaşlığa verdiyi önəmi göstərir. Böyük nümayəndə heyəti ilə ölkəmizə səfər edən İran Prezidenti özünü dost, qardaş ölkədə qonaq kimi hiss etmədiyini dilə gətirməsi, bir dövr ölkələrimiz arasında mövcud olan fikir ayrılıqlarının aradan qalxdığına işarə edir. Ali qonağın bəyanat zamanı Azərbaycan dilindən vaxtaşırı istifadə etməsi, səmimi, isti davranışı heç şübhəsiz ölkələrimizin milli və qarşılıqlı maraqlarına tam uyğundur.
Səfər zamanı Dövlət başçıları tərəfindən ticarət əlaqələrinin inkişaf etdirilməsi, nəqliyyat və logistika infrastrukturunun gücləndirilməsi üçün konkret göstərişlərin verilməsi gələcək əlaqələrin daha da güclənməsinə heç şübhəsiz güclü töhfələr verəcəkdir.
Mustafa Zeynalov;
Neftçala rayon gənci