“Real”ın müdafiəçisi Antonio Rudiger İspaniya Kubokunun “Barselona” ilə final matçında qeyri-idman davranışına görə 6 oyunluq cəzalandırılıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Oyunun son dəqiqələrində matçın baş hakimi Kilian Mbappenin Erik Qarsiyaya qarşı hərəkətinə görə “kral klubu”nun hücumunu dayandırıb. Ehtiyat oyunçular skamyası yanındakı texniki zonada olan Rudiger isə hakimə buz atıb. Bundan sonra almaniyalı futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.
“Real”ın daha iki futbolçusu – ingiltərəli yarımmüdafiəçi Cud Bellingem və ispaniyalı müdafiəçi Lukas Vaskes də qırmızı vərəqə alıblar. Lakin RFEF britaniyalı ilə bağlı qərarı yenidən nəzərdən keçirərək, onu ləğv edib. Vaskes isə 2 oyunluq cəzalandırılıb.
Xatırladaq ki, “Real” İspaniya Kubokunda “Barselona”ya məğlub olub – 2:3.
Etiqadca müsəlman olan Antonio Rüdiger afrikaəsillidir – atası afro-alman, anası isə Syerra-Leonedəndir. Antonio böyük futbola yetirməsi olduğu “Ştutqart” futbol akademiyasından gəlib. Buradan da 2015-ci ilin avqustunda icarə əsasında “Roma”ya transfer edilib. Tədricən oyun səviyyəsini və keyfiyyətini artırmaqda olan Rüdiger tamhüquqlu əsasda “Roma”da yerini möhkəmlədib və 2017-ci ilin iyulunda “Çelsi”yə keçib. Londonda çxışı müddətində daha da püxtələşmiş Rüdigeri 2022-ci ilin iyulunda “Real” “zadəganlar”dan azad agent qismində “oğurlayıb”. Almaniyalı müdafiəçinin “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rüdiger “Real”ın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə verib. Almaniyalı müdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi belədir: 151 oyun, 7 qol, 4 məhsuldar ötürmə.
Antonio Rüdiger 2014-cü ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində bu günə qədər 79 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Antonio “bundestim”in əsas heyətinə U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə, özünün əməksevərliyi və çalışqanlığını sübut etməyi sayəsində düşə bilib. Rüdiger Almaniya yığması ilə 2017 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı almaniyalı müdafiəçinin transfer dəyərini 24 milyon avro məbləğində qiymətləndirir.