““JEK” anlayışı — yəni “Jilışçno-ekspluatatsion kontor” — Sovet dövründən qalma bir idarə forması olub, yaşayış binalarının istismarı və texniki xidməti ilə məşğul olan qurumları ifadə edirdi. "JEK”lər 1983-cü ildə Azərbaycan SSRİ tərəfindən qüvvəyə minmiş Mənzil Məcəlləsi əsasında yaradılıb. Bu Məcəllə isə artıq qüvvədən düşüb. 2009-cu ildə Azərbaycan özünün müstəqil Mənzil Məcəlləsini qəbul edib. Yeni Mənzil Məcəlləsində Mənzil İstismar Sahələri nəzərdə tutulmur”

Bu sözləri Moderator.az-a açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, Məcəllədə insanlar özləri özlərini idarə edə bilər və yaxud hər hansı binanı idarə etmək üçün özəl şirkətə verə bilər:
“Bu zaman mənzil haqqı insanların özləri tərəfindən müəyyən olunur və qanunvericilik bunu tənzimləyir. Azərbaycan Respublikasının Mənzil Fondunun özəlləşdirilməsi haqqında 1993-cü il qanununun 13-cü maddəsinə görə özəlləşdirilən mənzillərin vahid tarif əsasında xidmət göstərməsi və onlardan ödənişlərin yığılması “JEK”lərə həvalə olunub: 2018-ci ildə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edildi. Bu qanuna əsasən, Mənzil İstismar Sahələrinin əhalidən mənzil pulu toplaması qadağan olundu. Lakin bəzi vətəndaşlar hələ də pulu Jek kimi tanıdığımız Mənzil İstismar sahələrinə ödəyirlər”.
Mehin Mehmanqızı