BAKI, 29 aprel. TELEQRAF
Nazirlər Kabineti dövlət hesabına çıxan vəkillərin ödənilən pulun yeni məbləğinin müəyyən edilməsi üçün qərar qəbul edib. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Qərara dəyişiklik edilib. Bir saat üçün ödənilən məbləğ 6 manatdan 11 manatadək artırılıb.
Teleqraf xəbər verir ki, bu təşəbbüs Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində yer alıb.
Ombudsman illik məruzədə yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmini məqsədilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 saylı Qərarının 1-ci bəndində göstərilən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən məbləğin (6 manat) artırılması, habelə həmin Qərarın 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işlər üçün müəyyən edilmiş (0,35 manat) məbləğə yenidən baxılmasını təklif edib.