"Razılaşma Avropa öhdəliklərinə uyğun olmalı, Ukrayna Konstitusiyası və qanunvericiliyinə zidd olmamalıdır..."
Vaşinqton və Kiyev Ukraynanın bütün təbii resurslarını - neft, qaz və əsas enerji aktivlərini əhatə edən faydalı qazıntılar üzrə razılaşmanı imzalamağa yaxındır.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşr xəbər verir ki, razılaşmanın imzalanması artıq bu həftə baş tuta bilər.
Qeyd edək ki, əvvəllər faydalı qazıntılar üzrə razılaşmanın imzalanması Kiyev və Vaşinqton arasında fikir ayrılığı səbəbindən baş tutmayıb. ABŞ prezidenti Donald Tramp tələb edib ki, Ukrayna təbii resurslardan əldə olunan gəliri Amerika yardımının geri qaytarılmasına sərf etsin, lakin Kiyev bu şərti yerinə yetirməkdən imtina edib. İndi isə iki ölkə razılığa gəlib ki, əvvəlki hərbi yardımlar bu razılaşmaya daxil edilməyəcək.
Nəşrin məlumatına görə, Kiyev ABŞ prezidenti Donald Trampın administrasiyasından mühüm güzəştlər əldə edib. İrəliləyiş Tramp və Ukrayna Prezidenti Vladimir Zelenskinin Vatikanda keçirdiyi görüşdən sonra baş verib.
Ukrayna naş naziri Denis Şmıqal maliyyə naziri Skott Bessentlə görüşdən sonra bildirib: "Yaxşı irəliləyiş əldə olunub. Əsas odur ki, bizim qırmızı xətlərimiz aydın müəyyən edilib. Razılaşma Avropa öhdəliklərimizə uyğun olmalı, Ukrayna Konstitusiyası və qanunvericiliyinə zidd olmamalıdır. Razılaşma mütləq parlament tərəfindən ratifikasiya edilməlidir. Sənəddə əvvəllər göstərilən yardımların nəzərə alınmaması barədə razılıq əldə olunub".
Nəşr əlavə edir ki, Tramp Vatikandakı görüşdən sonra bildirib ki, Zelenski "situasiyanı anlayır və razılaşma əldə etmək istəyir." O, həmçinin Ukrayna və Rusiyadan narazılığını ifadə edib və deyib ki, müharibə edən tərəflər güzəştə getmək istəmir: "Mən çox məyus oldum ki, Rusiyadan raketlər atılıb. Mən istəyirəm ki, Putin atəş açmağı dayandırsın, otursun və razılaşma imzalasın".
Jurnalistlər yazır ki, Tramp Ukraynanın nadir torpaq metalları və digər təbii resurslarının birgə istismarı üzrə bu razılaşmanı Bayden administrasiyası dövründə Kiyevə göndərilən milyardlarla dollar dəyərində hərbi yardımın kompensasiyası və Zelenskiyə daha genişmiqyaslı sülh danışıqları üçün təzyiq vasitəsi kimi görür.
"Financial Times"-ın məlumatına görə, yüksək vəzifəli ukraynalı rəsmilər bildirib ki, ABŞ-ın gəlirlərin hərbi yardımların ödənilməsinə yönəldilməsi tələbi ölkənin suverenliyini sarsıda bilər və bu, Ukraynanın Avropa İttifaqına üzvlük müraciətini riskə ata bilər. Bir çox millət vəkili razılaşmadan narahatlıqlarını bildirərək, "pis bir razılaşmanı" dəstəkləməyəcəklərini bəyan edib.
Bununla yanaşı, Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts "Fox News"-a müsahibəsində əminliklə bildirib ki, "razılaşmaya nail olunacaq". "Danışıqlar iştirakçıları həftəsonu intensiv işləyib. Tramp bu işi başa çatdırmaqda qərarlıdır", - o, qeyd edib.