Miçiqan konqresmeni Şri Tanedar ABŞ Konqresinin Nümayəndələr Palatasına prezident Donald Trampa qarşı impiçment maddələri təqdim edib. “Mən prezident Trampa qarşı impiçment maddələri təqdim etmişəm.
Tramp Konstitusiyaya, Konqresə və məhkəmələrə məhəl qoymur və Amerika üçün mübarizə aparmır. O, ölkəni məhv edir və demokratiyamızı təhlükə altına qoyur”, – Tanedar sosial şəbəkədə yazıb.
Konqresmen Trampı müxtəlif ciddi qanun pozuntularında ittiham edərək ona qarşı 7 impiçment maddəsi qaldırmasına aydınlıq gətirib. Xüsusilə, onu Konqresin təsdiqi olmadan Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə bəzi dövlət qurumları üçün maliyyəni qanunsuz olaraq kəsməkdə ittiham edir. Tanedar hesab edir ki, Trampın aqressiv tarif siyasəti impiçment üçün başqa səbəbdir. Görünməmiş tariflər beynəlxalq iqtisadiyyata mənfi təsir göstərib. Konqresmen Trampın jurnalistlərə təzyiqi, söz azadlığına zəmanət verən ABŞ Konstitusiyasına Birinci Düzəlişin pozulması, rüşvətxorluq və məhkəmə sisteminin işinə müdaxilə, habelə vətəndaşların şəxsi məlumatlarının qanunsuz toplanması barədə də danışıb.
//Samir Qurbanov, Editor.az