Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirilib.
Bu barədə News24.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.
Bildirilib ki, DTX-ın təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin iştirakı ilə Bakı şəhərində “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbiri giriş nitqi ilə açaraq, qonaqları salamlayan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Əfqanıstana dair bundan əvvəl keçirilmiş toplantıların davamı olaraq, budəfəki konfransın Bakı şəhərində təşkil edilməsini önəmli hadisə kimi qiymətləndirib. Beynəlxalq tədbirin Əfqanıstanda mərkəzləşdirilmiş, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunan dövlətin bərqərar olunmasına əhəmiyyətli dərəcədə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Xidmət rəisi uzun illərin sınağından çıxmış və qarşılıqlı etimad əsasında qurulmuş Azərbaycan-Əfqanıstan əlaqələrindən, eləcə də xalqlararası dərin tarixi-mədəni bağlılıqdan danışaraq qeyd etmişdir ki, Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləmiş, bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməyib.
Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin qarşısının alınmasında vahid mövqe ortaya qoyulmasının tədbirin keçirilməsində əsas məqsədlərdən biri olduğunu vurğulayan Xidmət rəisi Əli Nağıyev Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutmasının, bu ölkədə əmin-amanlığın təmin edilməsinin vacibliyini qeyd etmiş, bütün bunlar üçün region ölkələrinin və digər dövlətlərin koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklərinə inamını ifadə edib.
Konfransda digər ölkələrin təmsilçiləri də mövzu ilə bağlı çıxışlar etmiş, tədbirin Əfqanıstanda sülhün və təhlükəsizliyin təminatı yönündə daha ciddi addımların atılmasına lazımi imkanlar açacağına, beynəlxalq aləm tərəfindən Əfqanıstanda davamlı sabitliyin formalaşmasına dəstək göstəriləcəyinə inandıqlarını bildiriblər.