BAKI, 29 aprel, TELEQRAF
BRİKS ölkələri beynəlxalq arenada sülhün və inkişafın təşviqində aparıcı rol oynamalıdırlar.
Teleqraf xəbər verir ki, bunu BRİKS ölkələrinin xarici işlər nazirlərinin Rio-de-Janeyroda keçirilən görüşündə Çin xarici işlər naziri Vanq Yi deyib.
“BRİKS ölkələri beynəlxalq arenada müsbət və konstruktiv qüvvə kimi çıxış edərək, aparıcı rol almalı, sülh və inkişaf üçün qalaya çevrilməlidir”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq vəziyyət köklü dəyişikliklərə məruz qalıb, dünya təlatümlər dövrünə qədəm qoyub, sülh və inkişaf yeni və ciddi sınaqlarla üz-üzədir. “Beynəlxalq əməkdaşlığın əsas konsepsiyaları sarsıdılıb, beynəlxalq münasibətlərin inkişafı üçün əsaslar sual altındadır və dinc inkişaf üçün beynəlxalq mühit sarsıntılarla üz-üzədir”, - o deyib.
Vanq Yi ümumbəşəri təhlükəsizlik konsepsiyasına əməl etməyin, “qarşıdurmadan çox dialoq, rəqabətdən çox tərəfdaşlıq” yolu ilə getməyin zəruriliyini qeyd edib.