Bu gün Çinin ölkəmizə yeni təyin olunmuş səfiri xanım Lu Mey ilk mətbuat konfransını keçirib.
Hafta.az-ın yazdığına görə, xanım səfir xatırladıb ki, Çin Xalq Respublikasının sədri Si Cinpinın dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev 22-24 aprel tarixlərində Çinə dövlət səfəri edib. O qeyd edib ki, bu yaxınlarda Bakıda fəaliyyətə başlayan yeni Çin səfiri kimi iki ölkənin dövlət başçıları arasında fikir mübadiləsinin və ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsinin bu mühüm tarixi anına şahidlik etmək onun üçün şərəfdir. Bu səfərdə bütün proseslərdə iştirak edərək ən çox hiss etdiyi odur ki, dövlət başçılarının diplomatiyası Çin - Azərbaycan münasibətlərinin inkişafında bir kompas və yüksələn ulduzdur.
"Prezident İlham Əliyev Çinə artıq 7 dəfə səfər edib və Çin Xalq Respublikasının sədri Si Cinpinlə 10-dan çox görüş keçirilib. İki dövlət başçısı arasında yaxşı işgüzar əlaqələr qurulub və dərin şəxsi dostluq münasibətləri möhkəmləndirilib. Məhz dövlət başçılarının strateji rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyəyə çatıb. Bununla da böyük və kiçik dövlətlər arasında bərabər münasibət və dostcasına əməkdaşlıq nümunəsi formalaşdırılıb", – deyə xanım Lu Mey vurğulayıb.
“Çin və Azərbaycan liderləri ötən ilin iyul ayında Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin sammitində görüşüb və iki ölkə arasında strateji tərəfdaşlığın mövcud olduğunu elan ediblər. Son doqquz ay ərzində hər iki tərəf davamlı olaraq dövlət başçılarının əldə etdiyi razılaşmanı həyata keçirib, əməkdaşlığın potensialını dərindən araşdırıb, qarşılıqlı fəaliyyətin məzmununu davamlı olaraq zənginləşdirib və bir sıra diqqətəlayiq nəticələr əldə ediblər” deyə xatırladan diplomat bildirib ki, tərəflər arasında yüksəksəviyyəli mübadilələr sıx olub, bir-birini ziyarət edən nümayəndə heyətlərinin sayı iki dəfə artıb, ikitərəfli ticarət yeni tarixi zirvəyə çatıb. Çin Azərbaycan üçün ən böyük idxal mənbəyinə çevrilib. Məhz bu səmərəli nəticələr əsasında iki dövlətin liderləri müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni səhifə açaraq, ikitərəfli münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çıxarmaq qərarına gəliblər.
Səfir deyib ki, səfər zamanı iki ölkənin dövlət başçıları ədliyyə, iqtisadiyyat və ticarət, nəqliyyat, aerokosmik sənaye, elm və texnologiya, mədəniyyət və yerli idarəetmə sahələrində 20 “qızıl tərkibli” yekun sənədin imzalanmasının şahidi olublar.
“Digər məsələlərlə yanaşı, tərəflər investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılması, azad ticarət sazişi üzrə danışıqlara başlanılması, beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin imzalanmasının sürətləndirilməsi, mədəniyyət günlərinin və turizmin təşviqi tədbirlərinin birgə təşkili və sair kimi sahələrdə bir sıra konkret razılıqlar əldə ediblər ki, bu da əməkdaşlığın dərinləşdirilməsinə daha geniş imkanlar açır”, - deyən xanım Lu Mey qeyd edib ki, tərəflər həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalayıblar. Bu sənəd adi pasportlara malik vətəndaşların digər ölkəyə bir dəfəyə 30 gündən çox olmayan və 180 gün ərzində 90 gündən artıq olmayan vizasız daxil ola bilməsini nəzərdə tutur. Saziş iki ölkənin hökumətləri lazımi prosedurları yerinə yetirdikdən sonra qüvvəyə minəcək və səfirliyimiz müvafiq məlumatları vaxtında dərc edəcək.
Azərbaycan prezidentinin Çinə səfərinin əsas məqamlarını 5 açar sözlə - yüksəliş, dəstək, əməkdaşlıq, dostluq və gələcək kəlmələri ilə səciyyələndirən səfir əlavə edib: “Çinin sədri Si Cinpin prezident İlham Əliyevi “Çin xalqının köhnə dostu” adlandırdı ki, bu da Çin xalqının xarici ölkələrdən gələn dost xalqa verdiyi ən yüksək qiymətdir. Səfər zamanı Çin lideri İlham Əliyevə və xanımına ən yüksək nəzakət göstərərək böyük ölkənin özünəməxsus protokol üslubunu nümayiş etdirib. Azərbaycanda bir çox insan dövlət başçısına böyük dövlətdə hörmətlə yanaşılmasını şərəf hesab edir. Hər kəsin televiziyada izlədiyi səfərin bir neçə məqamı var: qarşılanma mərasimində Çin hərbi orkestri Azərbaycanda tez-tez ifa edilən “Ey Vətən” mahnısının melodiyasını xüsusi ifa edib. Bu mahnı həm də Prezident İlham Əliyevin sevimli mahnılarından biridir. Çin səfər zamanı prezident İlham Əliyevə böyük əhəmiyyət kəsb edən xüsusi hədiyyə - Yunnan əyaləti Malipo rayonunun ikinci ibtidai məktəbinin müəllim və şagirdləri tərəfindən diqqətlə hazırlanmış qısa videoçarx təqdim edib. Orada uşaqlar məktəbdə təlim şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfəyə görə sadə və səmimi dillə dövlət başçısına minnətdarlıq ifadə ediblər. Prezident İlham Əliyev aprelin 23-də günortadan sonra Tiananmen meydanına gələrək xalq qəhrəmanlarının abidəsi önünə əklil qoyub, həyatını Çin xalqının müstəqilliyi və azadlığı uğrunda fəda etmiş insanların xatirəsini dərin ehtiramla yad edib”.
Səfir vurğulayıb ki, bir sıra xüsusi, ürəkaçan tədbirlər ürəklərdə kəsişən, bir-birinə səmimiyyətlə yanaşan və bir-birinə məhəbbət bəsləyən iki ölkə arasında dərin dostluğu tam nümayiş etdirir.
Xanım diplomat qeyd edib ki, iki dövlətin rəhbərləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da “dəstək” kəlməsinə daha çox rast gəlinir. Çin, öz növbəsində, əsas maraqlarını qorumaq, suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etmək üzrə Azərbaycanı qətiyyətlə dəstəkləməkdə davam edəcək.
“Prezident İlham Əliyev bir daha təsdiqlədi ki, Azərbaycan Çin hökumətinin ölkənin birləşdirilməsi istiqamətində səylərini qətiyyətlə dəstəkləyir. Bəşəriyyətin vahid taleyi konsepsiyası və üç qlobal təşəbbüs bütün dünyada sülhə, sabitliyə və tərəqqiyə kömək edir. Azərbaycan tərəfi onları yüksək qiymətləndirir və fəal şəkildə dəstəkləyir. Çin Xalq Respublikasının sədri Si Cinpinin dediyi kimi, “bir-birinin əsas maraqlarına aid məsələlərdə möhkəm qarşılıqlı dəstək Çin və Azərbaycanın yaxşı ənənəsidir və strateji tərəfdaşlığın əvəzsiz elementidir”, - deyib.
Səfir Lu Mey bildirib ki, Qlobal Cənubun mühüm üzvləri kimi, hər iki tərəf mürəkkəb beynəlxalq vəziyyət qarşısında dövlət başçılarının konsensusunu fəal surətdə həyata keçirməli, qarşılıqlı dəstəyi gücləndirməli və əsası BMT-nin əsasının təşkil edən beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan dünya nizamını qorumaq dünyada ədaləti müdafiə etmək üçün daha əməli addımlar atmalıdır.
“2023-cü ilin oktyabrında Çin rəhbəri Si Cinpin 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun açılış mərasimində elan edib ki, Pekin bu təşəbbüs çərçivəsində birgə tikinti üzrə 8 tədbir görəcək, onlardan birincisi Çin-Avropa yük qatarlarının yüksəkkeyfiyyətli inkişafının sürətləndirilməsi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tikintisində iştirakdır” deyən xanım Lu Mey bildirib ki, bu, Azərbaycanın öz nəqliyyat potensialını müəyyən etmək üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (TBNM) istifadə strategiyasına əhəmiyyətli dərəcədə uyğundur və Azərbaycan tərəfdən müsbət cavab alıb. Diplomat qeyd edib ki, ötən il ümumilikdə 369 qatar hərəkət edib ki, bu da illik müqayisədə 36 dəfədən çox artım deməkdir.
Səfir prezident İlham Əliyevin Çinə səfəri zamanı tərəflərin “Bir kəmər, bir yol” təşəbbüsünün birgə inkişafı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tikintisinə dəstək ilə bağlı bir sıra razılıqlar əldə etdiyini xatırladıb. Bildirib ki, Pekin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi səviyyəsini, yükdaşımalarının səmərəliliyini davamlı olaraq yüksəltmək, eləcə də Çinlə Avropa arasında Xəzər dənizi vasitəsilə təhlükəsiz və sabit birbaşa birgə ekspres-marşrutu qurmaq üçün bu marşrut boyunca Azərbaycan və digər ölkələrlə əməkdaşlığa hazırdır.
Xanım Lu Mey deyib ki, energetika sahəsində əməkdaşlıq Çinlə Azərbaycan arasında praqmatik əməkdaşlığın mühüm istiqamətidir. İki ölkənin yaşıl inkişaf konsepsiyaları bir çox cəhətdən uzlaşır və yaşıl energetika sahəsində əməkdaşlığın qarşılıqlı tamamlayıcı üstünlükləri aydın şəkildə görünür.
"2023-cü ilin oktyabr ayında Çin şirkəti tərəfindən tikilmiş 230 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası uğurla şəbəkəyə qoşulub və bu stansiya hər il 110 min ailəni elektrik enerjisi ilə təmin edir. Bu, Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsində ən böyük günəş elektrik stansiyası olaraq yaşıl energetika sahəsində Çin-Azərbaycan əməkdaşlığının nümunəvi layihəsinə çevrilib. Bundan əlavə, Çin şirkətləri Azərbaycanda 240 MVt gücündə külək enerjisi layihəsini həyata keçirir və Füzulidə 160 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üzrə Azərbaycan tərəfi ilə razılığa gəliblər. Prezident İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycanın Energetika Nazirliyi Çin şirkətləri ilə əməkdaşlıq haqqında bir sıra sənədlər imzalayıb. Çin Qobustanda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə investisiya yatırır və Azərbaycanla enerji saxlanması, enerji sistemlərinin və ofşor külək enerjisinin planlaşdırılmasının perspektivlərini müzakirə edəcək", - xanım diplomat deyib.
Yeni enerji mənbələrindən elektrik enerjisi istehsalı sahəsində əməkdaşlıqla yanaşı xanım Lu Mey Çində istehsal olunan yeni enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin Azərbaycanda artan populyarlığına və bazar payına da diqqət çəkib. Onun sözlərinə görə, “NIO” markası Azərbaycan tərəfindən təşkil olunan COP29 konfransının yeganə VIP avtomobili olub. Eyni zamanda, BYD şirkəti Azərbaycan tərəfi ilə 100 ədəd şarj aparatı və 160 elektrikli avtobus tədarükü üzrə razılaşma imzalayıb, eləcə də Azərbaycanda elektrik avtobusları istehsalı üzrə xəttin yaradılmasına investisiya yatırır.
"Çin bərpaolunan enerji mənbələri sahəsində Azərbaycanla əməkdaşlığın fəal genişlənməsinə, enerji transformasiyasının və iki ölkənin davamlı sosial-iqtisadi inkişafının dəstəklənməsinə, eləcə də təmiz enerji sahəsində qlobal tərəfdaşlığın yaradılmasına birgə töhfə verməyə inanır", - deyə xanım Lu Mey bildirib.
Diplomat xanım bildirib ki, Çin yaxın beş ildə 300-dən çox mühüm islahatın həyata keçirilməsinə başlayacaq. Yüksəkkeyfiyyətli inkişafı məhdudlaşdıran institusional maneələrin aradan qaldırılmasına diqqət yetirəcək, informasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, süni intellekt və ekoloji təmiz energetika da daxil olmaqla yeni keyfiyyətli istehsal sahələrinin fəal inkişafına çalışacaq.
“Son illərdə Çin bir sıra mühüm konfranslar keçirib, qarşıdakı illər və onilliklər üçün hədəf və inkişaf strategiyalarını müəyyənləşdirib. Məqsəd islahatların hərtərəfli dərinləşdirilməsi və Çin üslubunda yeniliyin inkişafı, 2035-ci ilədək sosialist modernizasiyasının həyata keçirilməsi və əsrin ortalarınadək firavan, demokratik, mədəni, harmonik və gözəl modernləşdirilmiş sosialist dövlət qurmaqdır”, - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, Çin yalnız özü üçün izolyasiya olunmuş yenilənməni hədəfləmir, bütün dünya, o cümlədən inkişaf etməkdə olan ölkələrlə birlikdə qlobal yeniliyin reallaşdırılması üçün səylər göstərməyə çalışır.
“Çində “Huawei”, “Alibaba”, BYD və “DeepSeek” kimi dünyada tanınmış aparıcı şirkətlər fəaliyyət göstərir. Ölkə Azərbaycanla müvafiq sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazırdır ki, bu da Azərbaycanın innovasiya və inkişafına kömək edə bilər. Pekin Azərbaycanın Çin elektron ticarət platformasından istifadə edərək öz məhsullarının Çində satışını genişləndirməsini dəstəkləyir və platforma iqtisadiyyatı sahəsində qabaqcıl təcrübəsini bölüşməyə hazırdır. Prezident İlham Əliyevin Çinə səfəri zamanı tərəflər rəqəmsal iqtisadiyyat, sənaye, aerokosmik və digər sahələrdə əməkdaşlıq barədə bir sıra sənədlər imzalayıblar ki, bu da iki ölkə arasında daha çox innovasiyaların təşviqinə və praqmatik əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək”, - deyə Lu Mey vurğulayıb.
O əlavə edib ki, Çin prezident İlham Əliyev tərəfindən irəli sürülən inkişaf və dirçəliş strategiyasını dəstəkləyir, Azərbaycanın sosial inkişafına və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına daha böyük töhfələr verməyə hazırdır: “Çin Azərbaycanda insanların rifahının təmin edilməsinə böyük önəm verir və uzun illərdir Heydər Əliyev Fondu ilə birlikdə şəhid ailələrinin uşaqlarına və həyat çətinlikləri yaşayan uşaqlara yardım məqsədilə layihələr həyata keçirir. Səfər zamanı tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsi barədə Anlaşma Memorandumu imzalayıblar. Çin öz imkanları daxilində Azərbaycana minatəmizləmə və mina qurbanlarına dəstək sahələrində humanitar yardım göstərməyə davam edir”.