AZ

MÜQƏDDƏSLİK ZİRVƏSİ - Şəhid Elşad  Ağayevin həyat hekayəsi

Birinci Qarabağ müharibəsində  özünü adına can  dediyi doğma Azərbaycana fəda edib az ömrü ilə ölümsüzlük qazanan qeyrətli oğullarımız çoxdur. 1967-ci il aprelin 18-i Masallı rayonu, Hişkədərə kəndində ziyalı ailəsində anadan olan Elşad  Ağayev  də son nəfəsinə qədər erməni dığalarına qarşı əsl kişi kimi döyüşüb. Ölümündən 32 il keçsə də, ürəklərdə yaşayan Vətən sevdalısının  adı böyük iftixarla çəkilir.

İgidliyi, rəşadəti ilə  tarixin səhifəsində şərəfli bir yer tutan  Elşad  Ağayev   orta məktəbin  bitirib, 1985-ci ilin noyabr ayında  ordu sıralarına çağırılıb.  Özünəməxsus mənəvi  dünyası, nümunəvi xidməti əsgər və zabit heyəti qarşısında onu həmişə başıuca  edib. Gürcüstanda rabitə kəşfiyyat kursunu  nümunəvi başa vurub, Fəxri fərmanla təltif olunub. Elşad ordudan sonra oxumaqla bərabər, həm də  Bakı baş tikinti idarəsinin 4 saylı tikinti quraşdırma zavodunda işləyib.

Ermənilərin əzəli yurd yerimiz Qarabağda apardığı işğalçılıq siyasətinə qarşı barışmaz mövqe tutan  Elşad  1992-ci ilin mart ayında zavod rəhbərliyinə ərizə  yazıb könüllü olaraq Milli ordu sıralarına qatılıb. Həmin ilin yay aylarında Goranboy və Ağdərənin  dığalardan  təmizlənmə   əməliyyatlarında  çox fəallıq göstərib. Daha sonra Müdafiə Nazirliyinin baş qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib. 10 dekabr 1993-cü ildə rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək  müqəddəs şəhidlik zirvəsinə ucalıb. Adı əbədi yaddaşlara  köçən Elşad  Ağayev  ölkə rəhbərliyi tərəfindən   “Dövlət bayrağı” ordeninə layiq görülüb. Təhsil aldığı Masallı rayonu, Hişkədərə kənd tam orta məktəbi hazırda şəhidin adını daşıyır.

Masallılar öz cəsur, qəhrəman oğlunun  xatirəsini həmişə əziz tutur. Adəti üzrə 58 yaşının tamamında ehtiram əlaməti olaraq məzarı ziyarət edildi, önünə təzə güllər düzüldü...

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Seçilən
7
hurriyyet.az

1Mənbələr