İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb...
"Report" xəbər verir ki, bunu ILNA-ya müsahibəsində İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian deyib.
Bundan əvvəl ölü sayı 28 nəfər təşkil edirdi.
***
İranın cənubundakı Bəndər Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində ölənlərin və yaralıların sayı artıb.
İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb.
“Report” “Fars”a istinadən xəbər verir ki, bu barədə aprelin 27-də ostan məhkəmə sisteminin rəhbəri Müctəba Kahremani məlumat yayıb.
“Faciəli hadisə 25 nəfərin həyatına son qoyub”, – o söyləyib.
İranın daxili işlər naziri İskəndər Momeni öz növbəsində qeyd edib ki, limanda yanğın 80 % lokallaşdırılıb. Onun sözlərinə görə, bu istiqamətdə işlər yaxın saatlarda başa çatdırılmalıdır.
***
Poliqon xəbər verir ki, bu barədə “Report” “Mehr” Agentliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində 18 nəfər həlak olub, 800-dən artıq şəxs xəsarət alıb.
Bildirilib ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan dəyib. Artıq şəhərdə zərərçəkənlərin sayı çox olduğuna görə transfuziya mərkəzi təcili qan toplanmasını elan edib.
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 291 nəfərə çatıb.
“Report”un "Tasnim"ə istinadən verdiyi məlumata görə, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.
“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.
"İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 80 nəfər xəsarət alıb", - o qeyd edib.
Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.
***
İranın cənubunda yerləşən Bəndər Abbas şəhərindəki dəniz limanı ərazisində baş verən güclü partlayış nəticəsində bir neçə əməkdaş xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.
Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə ziyan vurub. Limanın bir neçə əməkdaşı xəsarət alıb.
Məlumata görə, İran rəsmiləri hələ ki hadisəni şərh etməyiblər.
Qeyd edək ki, İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir.
***
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında əsas ofisdə partlayış olub.
“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə Hörmüzqanın Böhranı İdarəetmə İdarəsindən bildirilib.
Məlumata görə, Şəhid Rəcai limanında baş verən partlayışın səbəbi hələ ki məlum deyil.
Hadisənin nəticəsində itkilər, dağıntılar barədə informasiya yayılmayıb.
Poliqon.info