Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı CGTN (China Global Television Network) kanalına müsahibə zamanı çinli jurnalistin ona bəhs etdiyi 25 yaşlı gənc Tağı Kərim oğlu Məmmədov Quba rayonunda doğulub, orta təhsilini burada alıb.
Bu barədə Tağının bacısı Tamilla Məmmədova Bizim.Media-ya məlumat verib.
Onun sözlərinə görə, 10 sentyabr 2000-ci ildə Quba şəhərində doğulan Tağı Məmmədov 2006-2012-ci illərdə Quba şəhərindəki Zaur Cəfərov 3 saylı orta məktəbdə, 2012-2017-ci illərdə isə Quba şəhərindəki Özəl Türk Liseyində təhsil alıb.
Bacısı Tamilla məlumat verib ki, qardaşı Tağı marketinq üzrə bakalavr təhsilini Bakıda, Xəzər Universitetində alıb.
Magistratura təhsilini isə biznesin idarə edilməsi üzrə Çinin PekinTexnologiya İnstitutunda alıb. "Tağı barədə Prezidentə deyilməsi onlara da sürpriz olub. Tağı həmin jurnalistə həmin kanalda müsahibə verib. Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə zamanı xanım jurnalist Tağını xatırlayıb və ölkə başçımıza qardaşımdan bəhs edib. Biz bu xəbəri çox böyük sevinclə qarşıladıq"- deyə Tamilla Məmmədova vurğulayıb.
Xatırladaq ki, Tağı Məmmədovun valideynləri hazırda Quba şəhərində yaşayır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu