Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin iki üzvü xəsarət alıb.
Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, qəza yeni Ələt-Astara magistralının 166-cı kilometrliyində, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Fiat Doblo" markalı minik avtomobili eyni istiqamətdə gedən, 1997-ci il təvəllüdlü Xəyyam Balayevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.
"Fiat Doblo"da olan Astara rayonunun Maşxan kənd sakinləri — 1980-ci il təvəllüdlü Şölə Kamil qızı Novruzova və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü İltiqam Əliağa oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib. Hazırda müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.